Gündəm

Politoloq: “Laçın dəhlizini mütləq nəzarətə götürməliyik”

Politoloq: “Laçın dəhlizini mütləq nəzarətə götürməliyik”

Ordumuz torpaqların işğaldan azad edilməsi istiqamətində hərbi əməliyyatlara uğurla davam edir. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Laçın dəhlizidir. Ötən ilin Vətən müharibəsindən sonra rus sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə “nəzarət” edirlər. Laçın dəhlizində Rusiya sülhməramlıları olandan bu yana demək olar ki, təxribatların ardı-arası kəsilmir. Baş verən hadisələr onu deməyə əsas verir ki, onlar erməni hərbi birləşmələrinə dəstək verirlər. Bundan başqa, dəhlizdən daim müəmmalı yüklər keçir və rus sülhməramlılarının buna nəzarəti gözə çarpmır. Bəs, Türkiyə hərbi birləşmələrinin Laçın dəhlizində olması məqsədəuyğundurmu?

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Laçın dəhlizinə ilk olaraq Azərbaycan tərəfi nəzarət etməlidir.

Politoloq qeyd edib ki, bu, əslində olduqca vacib məsələdir: “Son vaxtlar baş verənlər onu göstərir ki, bu dəhlizdən kim istəyir keçir, nə istəyir keçir. Düzdür, hazırda bizim hərbçilər strateji nöqtələri ələ keçiriblər. Laçın dəhlizini də mütləq nəzarətə götürməliyik. Bu 10 noyabr Bəyanatına da zidd deyil. Laçın dəhlizini nəzarətə götürmək Laçın dəhlizini qapatmaq anlamına gəlmir, ermənilər ordan sərbəst gedib gələ bilərlər. Ancaq biz onları yoxlamalı və onlara pasport rejimi tətbiq etməliyik. Ermənistan rəsmiləri üçün isə müəyyən qadağalar qoymalıyıq”.

Türkiyə hərbi birləşmələrinin Laçın dəhlizində olması məsələsinə gəlincə, politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında ilk növbədə hərbi ittiffaq gücləndirməlidir: “Əgər həqiqətən də, Laçın dəhlizində Rusiya tərəfi Azərbaycana böyük maneə törədərsə, o zaman ikinci variant kimi həmin postlarda türkiyəli hərbçilər yerləşdirilməlidir. Amma, birinci növbədə Azərbaycan özü o sərhədi nəzarətə götürməlidir. Bu mütləqdir. Çünki, düşmən Laçın dəhlizi vasitəsilə bir çox strateji hədəflərini silah-sursatla təminat edir”.

Aynurə Demokrat.az

D
demokrat.az