Gündəm

Politoloq: "Erməni təxribatının Putin-Paşinyan görüşündən sonra olması təsadüfi deyil"

Politoloq: Erməni təxribatının Putin-Paşinyan görüşündən sonra olması təsadüfi deyil

“Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən istənilən görüşdən sonra Ermənistan-Azərbaycan dövlət sərhədində, yaxud işğaldan azad edilən, sülhməramlıların məsuliyyət zonasında ermənilər tərəfindən təxribatlar törədilir. Dünən baş verən hadisə ilk belə hal deyil, əvvəlki görüşlər ərəfəsində də oxşar hallar yaşanıb, təxribatların sayı artıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Erməni silahlılarının növbəti təxribatı barədə danışan politoloq qeyd edib ki, hələ də münaqişənin davam etməsini istəyən qüvvələr var:

“Düşünürəm ki, Rusiya tərəfi sözdə barışığa, sülhə dair fikirləri ifadə etsə də, əməldə fərqli yanaşma sərgiləyir. Ona görə də, Putin-Paşinyan görüşündən sonra bu cür hadisələrin olacağı gözlənilən idi. Hətta iki dövlət rəhbəri arasında görüşün keçiriləcəyi barədə məlumat veriləndə, təxribatların ola biləcəyini ehtimal edirdik. Görünən budur ki, Rusiya münaqişənin tam bitməyini, hazırda problemli olan məsələlərin həllini istəmir. Paşinyan da hazırda müəyyən qədər Rusiyanın diqtəsi altında hərəkət edir. Bu baxımdan hesab edirəm ki, Ermənistan da sözdə sülhlə bağlı bəyanatlar səsləndirsə də, öz addımlarını fərqli atır. Erməni silahlılarının təxribatının Putin-Paşinyan görüşündən sonra olması təsadüf deyil”.

Politoloq Paşinyanın sabit fikirli olmadığını, mövqeyinin müxtəlif qüvvələr görə dəyişdiyini də xatırladıb:

“Paşinyan qətiyyətli siyasətçi deyil və vəziyyətə görə fikirləri, mövqeyi dəyişən şəxsdir. Ona görə də, onun başqa qüvvələrin diqtəsi ilə addım atması qəribə deyil. Paşinyanın fikirlərinə, ifadə etdiyi sülh bəyanatlarına güvənmək olmaz. Üstəlik, erməni silahlılarının rus sülhməramlı hərbçilərin müvəqqəti yerləşdiyi ərazilərdə təxribat törətdiyi məlumdur. Bu, sülhməramlıların göz yumduğu ilk təxribat hadisəsi deyil. Güman edirəm ki, hazırkı şəraitdə Ermənistan Rusiyanın “xeyir-duası” olmadan belə təxribat törətməyə cürət edə bilməz”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az