Gündəm

Deputat: "10 milyonluq Azərbaycan xalqı da qardaş ölkənin yanındadır"

Deputat: 10 milyonluq Azərbaycan xalqı da qardaş ölkənin yanındadır

“Türkiyədə baş verən meşə yanğınları hamımızı təəssüfəndirir. Bu hadisələrə ilk reaksiya verən Azərbaycan oldu. Hər baxımdan qardaş ölkənin yanında olduğumuzu bildirdik. Azərbaycan yanğnsöndürən texnikaları və canlı qüvvəsini Türkiyəyə göndərdi və onlar hazırda Marmarisdə qardaş ölkənin müvafiq qurumları ilə birlikdə əmzlə çalışırlar”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Türkiyədə davam edən yanğınlara münasibət bildirən deputat bildirib ki, Azərbaycan qardaş ölkə kimi öz borcunu yerinə yetirir və bu hadisələrdə Türkiyənin yanındadır:

“Hazırkı vəziyyətdə Bodrumda yanğınların tam nəzarət altına alındığı bildirilir. İnanırıq ki, qısa zamanda davam edən bütün yanğınlar söndürüləcək. Bu dəhşətli hadisələrdə Türkiyə çox tez zamanda toparlandı və lazımi addımları ata bildi. Bir neçə başqa dövlət – Ukrayna, Rusiya və İran da Türkiyəyə texnika ilə kömək etdilər. Azərbaycan isə qardaşlıq borcunu yerinə yetirməkdədir. 10 milyonluq Azərbaycan xalqı da qardaş ölkənin yanındadır. Necə ki, Azərbaycanın çətin günlərində Türkiyə bizim yanımızda oldu. Bunun ən yaxş nümunələrindən biri 44 günlük Vətən müharibəsidir. Biz bir millət, iki dövlət olduğumuzu bütün dünyaya göstərmişik. Son günlərdə də Azərbaycan Türkiyədir, hər birimizin qəlbi Türkiyədə, onlarla birlikdə döyünür”.

Deputat Türkiyə ilə Azərbaycanın çətin günlərdə göstərdikləri birliklə dünyaya qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərini göstərdiyini vurğulayıb:

“Dünyanın bəzi qüvvələrinin ikili standartlarla var olduğunun şahidiyik. Avropada, yaxud Qərbdə miqyasca dəfələrlə kiçik yanğınlar baş verdikdə, dünya mediasının, güc dövlətlərinin buna həssas yanaşdığının, çağırışlar etdiyinin şahidi olmuşuq. Türkiyədə, xüsusilə turizm bölgələrində dünyanın ən dəhşətli yanğınlarından baş verməsinə baxmayaraq, lazımi həssaslığı, dəstəyi görmürük. Türkiyə isə dost ölkələrlə birlikdə bu vəziyyəti geridə qoyacaq. 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan xalqı birləşərək, bu faciə ilə birlikdə mübarizə aparır. İş adamlarının, idman klublarının, müxtəlif cəmiyyətlərin, fərdi şəxslərin bu işə qoşulması, ağacların indidən alınması, bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi göstərir ki, bu yaralar tezliklə sağalacaq. Türkiyə və Azərbaycan gələcəkdə bu hadisələri pis yuxu kimi xatırlayacaq, amma bunu sayəsində dost və qardaş ölkələrin dəstəyi bir daha sübut olundu. Biz bunu 44 günlük müharibədə yaşamışdıq, Türkiyə isə indi yaşayır, hansı ölkələrin yanlarında olduğunu görürlər. Türkiyə əzəmətlidir, güclüdür. İndiyədək bunu sübut edib, yenə bu çətinliyin öhdəsindən gələcək və böyük dövlət olduğunu dünyaya sübut edəcək”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az