“Azərbaycan işğaldan azad edilən Ağdam rayonundan sonra Zəngilan və Füzuli rayonlarının da mina xəritəsini əldə etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik məharətinin göstəricisidir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, mina xəritələrinin əldə edilməsi Azərbaycanın uğurudur:
“Prezident İlham Əliyev Vətən müharibəsində əldə edilən qələbədən sonra bütün platformalarda Ermənistanın mina xəritələrini təhvil verməsi ilə bağlı çağırışlar edirdi. Həyata keçirilən uğurlu siyasətin nəticəsi ortadadır, artıq Zəngilan və Füzulinin də mina xəritəsini əldə etmişik. Mina xəritələrinin əldə edilməsi həyata keçirilən quruculuq işlərini daha da sürətləndirəcək. Füzuli böyük infrastruktur layihələrinin həyata keçirildiyi rayondur. Mina xəritələri olmadan iş həyata keçirmək çox böyük maliyyə itkisidir. Xəritələri əldə etməklə insanların təhlükəsizliyini qorumuş oluruq. Bu, ən önəmli məqamdır. Azərbaycan humanist addım ataraq mina xəritəsinin əvəzində 15 erməni əsilli şəxsi təhvil verdi. Bu, ölkəmizin ilk humanist addımı deyil. Azərbaycanın dövlət siyasətinin mərkəzində humanizm dayanır”.
Qeyd: Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Azərbaycan mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumat qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
Demokrat.az


