“Şuşa bəyannaməsi” tarixi bir sənəddir və regionun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bəyannamə iki qardaş dövlət arasında gələcək əməkdaşlığın yol xəritəsidir. Şübhəsiz ki, bəyannamədə təhlükəsizliklə bağlı nəzərdə tutulan müddəalar bölgədə uzunmüddətli və dayanıqlı sülhün təminatçısı rolunda çıxış edəcək”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev “Şuşa bəyannaməsi”nin əhəmiyyəti barədə danışarkən bildirib.
O, bəyannamənin Ermənistanın siyasi rəhbərliyi üçün ciddi mesaj olduğunu qeyd edib:
“Hər hansı xarici təhlükə yarandıqda iki ölkənin bir-birinə yardım göstərməsi artıq hüquqi baxımdan da mümkündür. NATO üzvü olan ölkələr arasında da belə maddə mövcuddur. Bu, ölkələrin xarici təhlükələrə qarşı birliyini və ehtiyac yaranacağı halda düşünmədən müdaxiləni nəzərdə tutur. “Şuşa bəyannaməsi” Ermənistan daxilində daşnak tör-töküntülərindən ibarət müharibə çağırışları edən, yeni əməliyyatların başlayacağı, guya itirilmiş torpaqların azad edilməsi ilə bağlı sərsəm bəyanatlar verən qüvvələri üçün olduqca ciddi xəbərdarlıqdır. Düşünürəm ki, Ermənistanın siyasi müstəvisindəki isti başlar artıq soyumağa başlayıb və ritorikanı dəyişiblər. Ermənistanda revanşist qüvvələr yaxşı başa düşürlər ki, artıq Şuşada Türkiyənin baş konsulluğu açılacaq. “Şuşa bəyannaməsi” Türkiyənin siyasi cəhətdən Qarabağda varlığı deməkdir. Ermənistandakı revanşist çağırışlar edən qüvvələr başa düşdülər ki, əks fikrə düşsələr, həm “Dəmir yumruq”la, həm də Türkiyə kimi güclü, dünya səviyyəli dövlətlə də qarşı-qarşıya qalacaqlar. Bu baxımdan bəyannamənin böyük önəmi var. “Şuşa bəyannaməsi”nin imzalanması ilə Ermənistandakı revnşist qüvvələr öz cavablarını aldılar”.
Aygül Qarayeva Demokrat.az


