“İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız - Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtdı. Mənfur düşmənin torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli dünən mina partlaması nəticəsində 3 nəfərin şəhid olması barədə danışarkən bildirib.
O, Ermənistanın beynəlxalq səviyyədə cəzalandırılmasının lazım olduğunu deyib:
“Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq, hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun. Mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər terror dövlətləridir!”.
Deputat həmçinin Azərbaycanın Ermənistanın terror addımlarına qarşı hərbi əməliyyatın reallaşdıra biləcəyini qeyd edib:
“Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini “Dəmir yumruq”la bildirdi. Mənfur düşmən unutmasın ki, bu “Dəmir yumruq” onları tamamilə əzməyə qadirdir!
Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirik”.
Aygül Qarayeva Demokrat.az


