Gündəm

"Demokrat Media" MMC şəhid jurnalistlərlə bağlı müraciət yaydı

Demokrat Media MMC şəhid jurnalistlərlə bağlı müraciət yaydı

"Demokrat Media" MMC işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndinə doğru hərəkət edərkən, “Kamaz” markalı sərnişin avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində həyatlarını itirmiş "Azərtac" xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və AzTV telekanalının kameramanı Sirac Abışovun həlak olması ilə bağlı müraciət yayıb.

Beynəlxalq təşkilatlara ünvanlanan müraciət mətnini təqdim edirik:

“4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirərkən, işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının kamermanı), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub. Avtomobildə olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ağır yaralanıblar.

Bu faciə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatdan sonra Ermənistana Kəlbəcər də daxil digər üç rayonun işğaldan azad edilməsi üçün verilən möhlətdən necə istifadə etdiyini bir daha aydın şəkildə nümayiş etdirir.

Həm 44 günlük müharibə zamanı, həm də 10 noyabr bəyanatından sonra Ermənistanın mülki əhaliyə qarşı terror aktı davam etməkdədir. Artıq işğaldan azad edilən ərazilərdə 100-dək mülki şəxs və hərbçi minaya düşərək həyatını itirib. Azərbaycan 10 noyabr bəyanatından sonra ərazilərin mina xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Eləcə də üçtərəfli danışıqlarda bunu Ermənistandan tələb etsə də, bu vaxta qədər rəsmi İrəvan bu xəritələri verməkdən imtina edib. Təəssüflə qeyd edirik ki, aidiyyatı beynəlxalq təşkilatlar baş verənlərə susmaqda, ədalətsizliklərə və mülki insanların ölümünə göz yummaqdadır.

Hörmətli həmkarlar!

Bu hadisə zamanı peşə fəaliyyətini həyata keçirən jurnalistlərin mina terrorundan həlak olmalarına səssiz qalmayacağınıza, buna etiraz səsi qaldıracağınıza, həmçinin Ermənistanın bu vəhşiliyinə son qoyulması üçün mina xəritələrini Azərbaycana verilməsini tələb edəcəyinizə ümid edirik. Hadisə ilə bütün materiallar (video, foto və s.) müraciətin əlavəsində Sizlərə göndəriləcək. Müraciətin mətni Amnesty International, Human Rights Watch, Sərhədsiz Reрortyorlar Təşkilatı (Reрorters Without Borders), Beynəlxalq Jurnalistlər Federasiyasıvə s. təşkilatlara göndərilib. Demokrat.az

D
demokrat.az