Bakı Formula 1 yarışlarına ev sahibliyi edir, bir neçə gün sonra isə 2021-ci il üzrə Avropa çempionatının 4 oyunu paytaxtımızda keçiriləcək. Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinin gətirdiyi siyasi və iqtisadi dividentlərin miqyası olduqca böyükdür. İndiyə qədər mövcud olan təcrübə də bunu göstərir.
İndi milyonluq auditoriyaya malik oyunların keçirilməsinə pandemiya dövrününün iqtisadi itkilərinin bərpa edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər olduqca müsbət nəticələr verir. Tətbiq edilən karantin rejimi və vaksinasiyanın geniş şəkildə aparılması pandemiya ilə mübarizədə effektli oldu. Nəticədə məhdudiyyətlər aradan qaldırılır. Mütəxəssislər də bildirirlər ki, Azərbaycan artıq post-COVİD dövrünə hazırlaşır.
Bu dövrün ən vacib tərəfi pandemiya vaxtı meydana gələn iqtisadi itkilərin aradan qaldırılmasıdır. Söhbət xüsusilə turizm sektorundan gedir. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının əsas elementlərindən biri də məhz turizm sektorunun canlandırılması idi. Bu sahədə kifayət qədər ciddi nəticələr əldə olunmuşdu.
Turizm sektorunun inkişafında ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətli rolu oynamışdı. Eurovision mahnı yarışması, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avropaliqanın Bakıda keçirilən final oyunu və ardarda təşkil edilən Formula 1 yarışları turistlərin ölkəmizə axın etməsinə zəmin yaradan başlıca səbəblərdən idi. Bu beynəlxalq tədbirlərin hər birinin milyonluq, hətta milyardlıq auditoriyaya malik olduğunu nəzərə alsaq, Azərbaycan həm iqtisadi dividentlər əldə edirdi, həm də dünyada tanınırdı.

Lakin dünyanın bəlasına çevrilən pandemiya müsbət perspektivləri olan turizm sektorunu da “vurdu”. Nəticədə inkişaf edən sektor qəfil enişə keçdi.
Bu sektoru yenidən əvəlki inkişafına çatdırmaq və ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını artırmaq üçün yenidən beynəlxalq tədbirlərə ehtiyac var. Formula 1 yarışları və Avropa çempionatının oyunları bunun üçün unikal şans hesab edilə bilər.
Dünyada kifayət qədər məşhur olan Formula 1 yarışlarının 500 milyon nəfərlik auditoriyası mövcuddur. Futbol üzrə Avropa çempionatının auditoriyası ilə milyardlarla hesablanır. İndiki məqamda bu oyunların paytaxtımızda keçirilməsi üç səbəbdən önəmlidir.
Birincisi, Azərbaycanın dünyada təbliğ edilməsidir. Ölkəmizin böyük auditoriyada tanınması həm siyasətdə haqlı mövqeyimizin qəbul edilməsinə, həm də turistlər üçün cəlbedici olmasına şərait yaradacaq.
İkincisi, oyunlar turizm mövsümü vaxtı keçirilir və bu, turistlərin önümüzdəki aylarda turistlərin gəlişində artıma səbəb olacaq. Turistin gəlişi taksi sürücüsündən tutmuş otellərə, otellərdə çalışanlara qədər böyük kəsimin qazanc əldə etməsi deməkdir.
Üçüncüsü, Azərbaycan işğaldan azad edilmiş Qarabağı turizm cənnətinə keçirməyə hazırlaşdığı vaxt iki beynəlxalq idman yarışının ölkəmizdə keçirilməsi dünyanın diqqətini bu bölgəyə cəlb edəcək və təbii ki, önümüzdəki dövrdə turistlərin işğaldan azad edilmiş ərazilərə də səfərlərini stimullaşdıracaq.
Pandemiyadan qabaq ölkəmizdə keçirilən beynəlxlq idman yarışlarının turizmin inkişafına təsirləri də bunu sübut edir. Misal üçün, 2015-ci ildə keçirilən I Avropa Oyunları və 2016-cı ildə keçirilmiş birinci Formula-1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artıb. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən sonra isə müsəlman turistlərin ölkəmizə axını sürətləndi.
Formula 1 yarışları zamanı Azərbaycanda xidmət sektoruna 300 milyon dollara yaxın vəsaitin daxil olması da iqtisadi dividentlər baxımından olduqca əhəmiyyətli qazandır.
Bütün bunların fonunda Vətən müharibəsindən cəmi 6 ay sonra Azərbaycanın dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir və bu, ölkəmizin dünyadakı nüfuzunu daha da artırır.
Vaqif Hüseynli Demokrat.az


