“Azərbaycan 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazandı. Azərbaycan bu müharibə ilə təkcə Ermənistana deyil, dünya erməniliyinə, faşizminə qalib gəldi. Müharibədən sonra Ermənistanda vəziyyət gərginləşib, bütün sahələrdə böhran yaşanır. Ölkədə xaos, anarxiya, vətəndaş qarşıdurması hökm sürür. Ona görə də ermənilər Azərbaycana qarşı təxribat törətməkdə davam edirlər, revanşist qüvvələr baş qaldırmağa çalışırlar”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, terrorçu, hərbi cinayətkar Araik Arutyunyanın Rusiyaya səfəri Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılanıb: “Bu, beynəlxalq hüquq və normalara ziddir. Vətən Müharibəsi ərəfəsində Gəncədə, Bərdədə mülki əhalini hədəf seçərək qadağan olunan raketlər atmaq əmrini Araik Arutyunyan verib. Bunu özü də etiraf edib. Ona Azərbaycan tərəfindən cinayət işi açılıb, beynəlxalq axtarışa verilib. Belə olan halda, Araik Arutyunyanın Rusiyaya hansı formada, hansı statusla getməsi müəmmalıdır. Cinayətkarın Rusiyaya səfəri 2020-ci ilin 10 noyabr tarixli bəyanatın prinsiplərinə ziddir. Bu cür addımlar Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə də kölgə salır. Görünür, bölgədə sülh şəraitinin yaradılmasında maraqlı olmayan qüvvələr var. Üçüncü qüvvələr qızışdırıcı mövqe tuturlar. Araik Arutyunyanın Rusiyaya səfəri qəbuledilməzdir. Rusiya cinayətkarı həbs etməlidir”.
Deputat qeyd edib ki, Ermənistanda revanşist qüvvələr azğınlaşıb: “Onlar aksiya təşkil edərək Azərbaycan və qardaş Türkiyə dövlətinin bayrağını yandırıblar. Bu addım da imzalanan bəyanata ziddir, kövrək olan sülh prosesinə əngəl ola bilər. Baş verənlər göstərir ki, Ermənistan normal dövlət kimi fəaliyyət göstərmək iqtidarında deyil, qarşılıqlı əməkdaşlıq etməkdən yayınır”.
Demokrat.az


