Abşeron rayonunda cinayət törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Təyyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az xəbər verir ki, Təyyar Məmmədov Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Nihad” marketdə, həmin marketdə satıcı işləyən İlahi Qarayev onun azyaşlı qızına işlədiyi mağazadan alış-veriş etmədiklərinə irad bildirib.
Buna görə də Təyyar Məmmədovla İlahi Qarayevin arasında mübahisə yaranıb. Mübahisə zamanı Təyyar Məmmədov əli və başı ilə İlahi Qarayevin sifət sifətindən vuraraq, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Təyyar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təyyar Məmmədov ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İlahi Qarayev onun yaşadığı evin qarşısında yerləşən “Nihad” marketdə satıcı işləyir: “Orada işlədiyi müddətdə bir neçə dəfə mağazadan çıxardığı tullantıları qapımın qarşısına yığdığına görə dəfələrlə İlahi Qarayevə iradımı bildirmişəm. Hadisə baş verən günü, saat 18 radələrində “Nihad” marketə gedən zaman üzdən tanıdığım şəxsin mağazaya qatıq gətirdiyini gördüm. Həmin şəxsdən öz pulum ilə bir banka qatıq istədim. Bu zaman İlahi həmin şəxsə qışqıraraq mənə qatıq verməməsini tələb etdi. Buna görə də bir qədər əsəbiləşdim. Qatığı İlahinin özündən alaraq əsəbi halda evimə qayıtdım. Evdə söhbət zamanı azyaşlı qızım Fəridə məndən nə baş verdiyini soruşdu. Ona satıcı İlahinin məni əsəbiləşdirdiyini dedim. Həmin vaxt Fəridə İlahinin bir neçə dəfə ona da irad bildirərək nə üçün həmin mağazadan alış-veriş etmədiyimizi soruşduğunu dedi”.
Təqsirləndirilən şəxs bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün yenidən həmin mağazaya qayıdıb: “Orada alış-veriş edən qadın çıxıb-getdikdən sonra mülayim tərzdə azyaşlı qızıma hansı səbəbdən belə suallar verdiyini İlahidən soruşdum. Həmin vaxt İlahi səs-küy salaraq məndən mağazanı tərk etməyimi tələb etdi. Buna görə də İlahidən bayıra çıxmasını tələb etdim. Sonuncu gəlmədikdə isə onun yaxasından tutaraq özümə tərəf dartdım. Bu zaman İlahi əlini vitrinə doğru apardığından hər hansı bir əşya götürərək məni vuracağından ehtiyyat etdim, İlahinin sifət nahiyyəsindən sağ əlim ilə bir dəfə şillə ilə vurdum. Sonra mağazadan bayıra çıxdım. İlahi də mənim arxamca mağazadan çıxaraq qaçmağa başladı və məndən polisə şikayət edəcəyini bildirdi”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb.
Təyyar Məmmədov qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Onun cəzasını əsas iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması hökm edilib.
Fariz Məlikli Demokrat.az


