Azərbaycan cəmiyyətinə “siyasi məhbus” kimi sırınan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən(dövlətə xəyanət) təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilən Polad Aslanovun 15 gündən çoxdur ki, aclıq etdiyi və həyatının təhlükə qarşısında qaldığı iddia olunur.
Bu iddia ilə əlbəttə ki, onun həyat yoldaşı Gülmirə Aslanova çıxış edir. Nəzərinizə çatdırım ki, eyni iddia ilə bundan əvvəl “hədə-qorxu yolu ilə tələb etmə” cinayət əməlinə görə həbs edilmiş və hazırda məhkumluq həyatı yaşayan- “AZEL” TV-in rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova çıxış edirdi. Lakin faydası olmadı…Görünən odur ki, ölüm aclığı keçirmək imitasiyası cinayətkarlar üçün ən münasib şantaj və diqqət cəlb etmə metoduna çevrilib. Amma təbii ki, saxtakarlığa söykənən bu metod yenə də nəticəsiz qalacaq. Azərbaycan cəmiyyətinin diqqətini belə ucuz saxta şoulara cəlb etmək yolverilməz və əbəsdir.
Odur ki, maraqlı şəxslərin nəzərinə çatdırıram: Polad Aslanovun əsassız aclıq aksiyası keçirməsinə görə həyatının təhlükədə olması tamamilə absurddur.
Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 93.4-cü, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun”un 42-ci, eləcə də “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 29 dekabr 2012-ci il tarixli, 32 nömrəli kollegiya qərarına əsasən “Yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir”.
Göründüyü kimi, tam məsuliyyətlə qeyd etmək mümkündür ki, Polad Aslanovun həyatının təhlükə qarşısında olması tamamilə absurddur. Belə absurd iddiaların ifşası isə heç də çətin deyil. Bu baxımdan Aslanovlar cütlüyü yaxşı bilməlidir ki, cəmiyyəti aldatmaq, dövləti şantaj etmək cəhdlərinin heç bir faydası olmayacaq.
İctimai vəkil Samir Zeynalov (reportyor.info)
Demokrat.az


