Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, yeni növ koronavirusun dünyanın ən vacib iqtisadi sektorlarından biri olan turizmə təsiri ilə bağlı hesabatını açıqlayıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş katib hesabatda pandemiyanın 1,2 trilyon dollar gəlirin itirilməsinə və 120 milyon insanın işsiz qalma ehtimalı olduğuna işarət edib.
Baş katib, koronavirusun inkişaf etmiş ölkələrin turizm sektorunda şok təsiri bağışladığını, inkişaf etməkdə olan və bir sıra kiçik Afrika dövlətlərində isə fövqəladə hala səbəb olduğunu ifadə edib.
Antonio Quterreş həmçinin hər 10 nəfərdən 1 nəfərin bu sahədə işlə təmin olunduğunu deyib. O, turizmin ən çox zərər çəkən sahələrdən biri olduğu üçün xeyli insanın da işsiz qala biləcəyini vurğulayıb.
Baş katib 2020-ci ilin ilk beş ayında beynəlxalq turizmin gəlirlərinin yarıdan çox azaldığını və gələn gəlirlərin 320 milyard dollarının da itkiyə getdiyini bildirib.
Quterreş, turizmin yenidən etibarlı şəkildə qurulmasına və iqlimə uyğunlaşdırılmasına diqqət çəkib.
Turizm sektorunda texnologiyadan istifadənin maksimum dərəcədə artırılmalı olduğuna toxunan baş katib, bu sahədə davamlı iqtisadi inkişafın labüdlüyünü qeyd edib.


