Gündəm

Elçin Şıxlı: "Ceyhun Bayramov idarəçilik sahəsində uğurlu olduğunu lap əvvəldən nümayiş etdirə bilib"

Elçin Şıxlı: Ceyhun Bayramov idarəçilik sahəsində uğurlu olduğunu lap əvvəldən nümayiş etdirə bilib

Sözün doğrusu, Ceyhun Bayramovun Təhsil naziri vəzifəsindən Azərbaycan Forin offisinə rəhbər gətirilməsi mənim üçün gözlənilməz oldu. Bacarıqlı, çevik, təhsil sistemi kimi müşkül bir sahədə uğurlu fəaliyyəti göz qabağında olan bir texnokratdır, amma burada başladığı işlərin tam uğurla nəticələnməsi üçün hələ xeyli çalışmalı idi.

Həm də bizdə vəzifəyə təyinat alanlar tutduqları kürsüdə ən azı 10 il oturmamış heç yerə tərpənmirlər. Düzdür, az da olsa, istisnalar var ki, bu da yeni trendlərdəndir.

Həm də, hamı o cümlədən də mən, ilk məqamda bir suala cavab tapmağa çalışdıq – karyera diplomatı olmayan bir şəxs nədən ölkənin xarici siyasətinə rəhbərlik etməlidir ki? Yəni, Azərbaycan 30 il ərzində nazir ola biləcək bir diplomat yetişdirməyibmi?

Amma ilkin çaşqınlıqdan sonra anladım ki, istənilən nazir postuna təyinat hər şeydən əvvəl siyasi yük daşıyır, yəni Mərkəzi bankın rəhbəri vəzifəsi belə siyasi postdur. Dünya ölkələrinin əksəriyyətində nazir vəzifələrini siyasətçilər tutur.

Uzağa getməyək, elə Türkiyəni götürək. Qardaş ölkənin xarici işlər naziri heç vaxt peşəkar diplomat olmayıb. Baş nazirin formalaşdırdığı kabinetin bir üzvü kimi siyasətçi olub və hökumətin siyasətini yürüdüb. İşin texniki tərəfini isə peşəkarlar həll edib.

Ceyhun Bayramov idarəçilik sahəsində uğurlu olduğunu karyerasının lap əvvəlindən nümayiş etdirə bilib və son iki ildə təhsil naziri postunda bunu kabinet üzvü səviyyəsində təsdiqləyib. Ona görə də öz-özümə verdiyim suallara elə özüm də cavablar verdim.

Xarici işlər naziriliyindəki korrupsiya ilə bağlı faktlar, idarə rəislərinin saxlanılması ölkədaxili problem deyil, çünki bu insanlar mənzil-istismar kontorunu təmsil etmirlər. Ölkənin dünyaya açılan “pəncərəsinin” nümayəndələridirlər. Və təbii ki, onlar rüşvətxor deyil, korrupsionerlərdir, çünki korrupsiya şəbəkəsiz mümkün deyil. Yəni, şəbəkənin iplərinin hara uzana biləcəyi hələ araşdırılır. Deməli, bu şəbəkədə təmsil olunmasının ehtimal belə edilməsi istisna olan bir adama ehtiyac duyulur. Növbəti sualıma cavab.

Qarabağ danışıqlarında mənasız görüşlər silsiləsi. Keçmiş nazır 2004-cü ildən bəri keçirdiyi belə görüşlərdən, görünür özü də bezibmiş, çünki belə olmasaydı, sonuncu onlayn rejimində baş tutan danışıqda erməni nazirlə Qarabağ barədə deyil, Covid-19 haqda laqqırtı vurmazdı. Deməli, əhədi kəsilibmiş. Əhədi kəsilmiş atları isə “güllələyirlər”, yəni dəyişirlər. Problemə yeni, diplomatik klişelərdən uzaq baxış və yanaşma gərəkdir. Bu da daha bir sualıma cavab.

Bir sözlə, anladım ki, Ceyhun Bayramova uğurlar arzulamalıyam. Arzulayıram da.

Elçin Şıxlı

"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi,

Azərbaycan Jurnalistlər Birliyinin sədri

D
demokrat.az