Dünya aylardır öz resurslarını koronavirus adlı biomüharibə ilə savaşa səfərbər edib. Bu savaş indiyə qədərki müharibələrin hamısından fərqlidir. Bu müharibədə ölkələrin qələbəyə nail ola bilməsi dövlət başçılarının vaxtında verdiyi qərarlardan, tədbirli olmalarından və xalqın rəhbərinin verdiyi tapşırıq və tövsiyyələrinə riayət etməsindən çox asılıdr. Artıq virusla ötən mübarizə dövrünə nəzər saldıqda qürurla bildirmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu biomüharibədə ölkəsini və xalqını xilas etmək missiyasını çox bacarıqla yerinə yetirmiş rəhbər və Ali Baş Komandandır.
Azərbaycan virusun qarşısının alınması üçün əvvəlcədən zəruri tədbirləri həyata keçirməklə bir çox kriteriyalar üzrə dünyanın inkişaf etmiş ölkələrinə nümunə olmuşdur. Bu prosesdə dövlət mexanizmi çevik və fasiləsiz işləməklə prezident İlham Əliyevin bütün tapşırıqlarını icra etmişdir.
Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah biomüharibə şəraitində sözün həqiqi mənasında döyüş qərargahına çevrilmiş, zəruri qərarları və tələbləri müəyyən edərək, zamanında xalqımıza çatdırmışdır. Ölkənin iqtisadiyyat, sosial müdafiə, rabitə, nəqliyyat nazirlikləri, o cümlədən hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar öz səlahiyyətlərini Prezidentin tapşırıqlarına uyğun olaraq koronavirusun fəsadlarının və yaxudda buna yol açacaq problemlərin qarşısını almağa yönəltmişlər.
Təhsil Nazirliyi ilk dəfə olaraq ölkəni əhatə edən "onlayn-distant" təhsil şəbəkəsini yaratmağa nail olmuş, bununla da şagird və tələbələrimizin tədrisdən kənarda qalmalarının qarşısı alınmışdır. Savaşın ön cəbhəsində vuruşan səhiyyə işçiləri isə dövlətin xüsusi qayğısı ilə əhatə olunaraq, bu prosesdə duruş gətirə bildilər. Dövlət başçısının səhiyyə sahəsində indiyə qədər həyata keçirdiyi islahatlar, ölkənin hər bir şəhər və yaşayış məntəqələrində istifadəyə verilmiş müasir tipli xəstəxana komplekslərinin inşası, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar səhiyyənin səviyyəsinin daha güclü formalaşması ilə nəticələnmişdir.
Pandemiya zamanı Azərbaycan səhiyyə sisteminin iflic vəziyyətə düşməməsinin səbəbidə məhz bu amildir. Bu gün ölkənin səhiyyə sisteminin virusla savaşda duruş gətirməsinin əsas səbəbkarı məhz, Prezident İlham Əliyevdir. Bununla bağlı bir xatırlatmanı da qeyd etmək olar. Son 16 il ərzində Azərbaycanda 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilmişdir. Bu günlərdə isə səhiyyə sisteminin infranstrukturunun inkişafı üçün daha bir addım atılmışdır.
Bakıda ilk dəfə olaraq modul tipli xəstəxana kompleksi istifadəyə verilmişdir. Üç həftə ərzində inşası tamamlanan modul tipli bu ilk xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılmışdır. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi də nəzərdə tutulur. Bundan başqa testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınmış və onların sayı isə 23-ə çatdırılmışdır. Ölkənin təlabatının təmin olunması üçün bütün lazımi tibbi avadanlıq alınmışdır və proses indi də davam etdirilir. Dövlət başçısı İlham Əliyevin xalqımızın sağlamlığı üçün etdiyi fədakarlıqlardan biri də hər şeydən öndə milli genofondumuzun qorunması üçün iradə nümayiş etdirməsi oldu.
Prezident bunu belə ifadə edir: "Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Çünki insanların sağlamlığı və sosial rifahı birinci yerdədir".
Hər hansı bəlağətdən uzaq olaraq qeyd etmək lazımdır ki, bunun bir adı var, o da Ata qayğısıdır. Azərbaycan vətəndaşı pandemiya dövründə dövlət başçısı İlham Əliyevdən Ata qayğısının hər addımda hiss etdik. Təhlükəni əvvəlcədən hiss edən dövlət başçısının tapşırığı ilə koronavirusla mübarizəyə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verildi. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edildi. Bütün bu işlər vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlamaq üçün həyata keçirildi. Azərbaycan pandemiyaya qarşı qlobal mübarizədə öndə gedən ölkələrdən oldu.
Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdi. Bu Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addım idi. Əfsuslar olsun ki, bütün görülən yaxşı işlərə hər zaman kölgə salmağa cəhd edənlər də tapılır. Prezident İlham Əliyev bu cür şəxsləri öz adı ilə çağırdı - Xain: "Biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət".
Son müddətdə həbs olunan rayon icra başçılarının beşi də bu əməllərdə təqsirləndirilir. Prezident bu kimi hallara - rüşvət, korrupsiya və xalqın payına göz tikən adamlara qarşı daha da sərt davranacağını xüsusi vurğulayır. Hesab etmək lazımdır ki, bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşməli, belə çirkin addımların atılmasının qarşısının alınmasında dövlət başçısına dəstək olmalıdırlar. Pandemiya dövründə diqqəti çəkən digər məqamlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün dünya miqyasında onlayn formatda keçirilməsi idi. Qoşulmama Hərəkatının Zirvə görüşü isə 120 ölkəni birləşdirir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdı. Prezidentin təəbirincə desək, Azərbaycan dünyanı birləşdirir.
Dünyada və ölkəmizdə pandemiya dövrünün birinci mərhələsinin yekunlarını təhlil edərək bu qənaətə gəlmək olar, koronavirusa qarşı mübarizədə "Azərbaycan təcrübəsi" ən effektiv təcrübədir. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarı isə bu çətin prosesdə öz gücünü və əhəmiyyətini isbat etmişdir.

Samirə Hüseynova
Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi,
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü


