Gündəm

Əli Həsənovun rəis qaynının zülmü bitdi — Salyan camaatı bayram edir

Əli Həsənovun rəis qaynının zülmü bitdi — Salyan camaatı bayram edir

Bu gün Salyan rayonunda əsl bayramdır, təkcə ona görə yox ki, Torpaq çərşənbəsidir və baharın gözəl ətri hər yeri bürüyüb, həm də bütün rayon camaatı böyük bəladan xilas olduqları üçün sevinir. Bəli, Salyan camaatı üçün bu gün ikiqat bayramdır. Çünki uzun müddətdir rayon camaatının bəlasına çevrilən polis bölməsinin rəisi Cəbrayıl Vəliyev daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarıldı.

Salyan rayon camaatının bu xəbəri eşitmək üçün çox dözdüyünü yaxşı bilirəm. Cəbrayıl Vəliyev rayon polis bölməsinin rəisi vəzifəsində işlədiyi müddətdə insanlara çox zülm edirdi, sahibkarları "tasa otuzdurmuşdu". İstədiyi şəxsi küçədən tutaraq, polis bölməsinə aparır, boynuna istədiyi işi qoyur, ən yaxşı halda “haqq” alaraq sərbəst buraxır, tələb etdiyi pulu verməyəndə isə həbsə atırdı.

Cəbrayıl Vəliyevə görə rayonda insanlar sözün həqiqi mənasında həbsxanada olduğu kimi yaşayırdı. Misal üçün, bazarın qarşısında avtomobilinizi saxlayıb, bir dəqiqəliyə aşağı düşsəniz, Cəbrayıl Vəliyevin göstərişi ilə bölməyə aparıla və “qatı cani” münasibəti ilə üzləşə bilərdiniz. Yaxud küçədə getdiyiniz vaxt heç nə etmədiyiniz halda Cəbrayıl Vəliyev sizi həbs edə bilərdi. Obrazlı şəkildə desək insanlar hər gün evdən çıxanda axşama qayıtmamaq ehtimalına görə ailələri ilə halallaşır, evə qayıda biləndə isə Allaha şükür edirdilər.

Cəbrayıl Vəliyev Salyanda əsl gestapo rejimi yaratmışdı. Onun ən çox “ilişdiyi” şəxslər isə iş adamları, kiçik və orta sahibkarlar idi. Kiçik, yaxud böyük olmasından asılı olmayaraq, bizneslə məşğul olan (el arasında alver deyilir) şəxs Cəbrayıl Vəliyevə “haqq” ödəməli, əks təqdirdə, ya biznesi əlindən çıxa, ya da həbsə gedə bilərdi.

Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı üçün ciddi addımlar atdığı vaxt Cəbrayıl Vəliyev Salyanı öz “respublikası” elan etmiş, xoşuna gəlməyənlərin başını sorğusuz-sualsız “kəsirdi”.

Sual yaranır, bir polis rəisi niyə bu qədər harınlaya, dövlət rəhbərliyinin siyasətinin əksinə olaraq, insanlara zülm edə bilərdi. Cavab sadədir: “arxalı köpək qurd basar”.

Cəbrayıl Vəliyev Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qardaşıdır. Onun Salyanda “başkəsənlik” edə bilməsi və cəzasız qalmasının səbəbi də məhz bu qohumluq əlaqəsi idi.

Cəbrayıl Vəliyev qohumu Əli Həsənovun hesabına polis rəisi olduğu rayonlarda “at oynadır”, “haqq” toplayır, insanları incidir və cəzasız qalırdı.

Şəxsən mən və ailəm Cəbrayıl Vəliyevin özbaşınalığı ilə üz-üzə qalmışam. Belə ki, rəhbəri olduğum saytda Əli Həsənov və onun de-fakto rəhbərlik etdiyi TV-lər, media orqanları, yaxud şirkətlər haqqında istənilən neqativ informasiya Cəbrayıl Vəliyevin Salyan rayonunda yaşayan valideynlərimi narahat etməsi ilə nəticələnirdi. Hətta, Xəzər TV-yə Əli Həsənovun oğlu Şamxal Həsənov rəhbərlik etdiyi vaxt Tolikin verilişini tənqid etdiyim üçün Cəbrayıl Vəliyevin təzyiqi ilə üzləşdim. Hadisə belə oldu: “Demokrat.az” saytında Xəzər TV-nin səviyyəsiz verilişləri tənqid ediləndə Əli Həsənovun oğlu Şamxal Vəliyev dayısı Cəbrayıl Vəliyevə “bu şəxsi cəzalandırmaq lazımdır” göstərişi vermişdi, Cəbrayıl Vəliyev də qohumlarım vasitəsilə validenylərimə təzyiq göstərirdi, onları narahat edirdi.

Cəbrayıl Vəliyevin özbaşınalığı ilə Salyan rayonunun hər bir sakini bu və ya digər formada üzləşib. Məhz buna görə rayon camaatının bu günü ikiqat bayram etməyə haqqı var.

Bizi belə bir bəladan xilas etdiyi üçün hörmətli daxili işlər naziri Vilayət Eyvazova təşəkkür edirik!

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

D
demokrat.az