“Sərdar Cəlaloğlu, əziz dostum, səndən bu münasibəti gözləmirdim. Çünki münasibətlərimiz həmişə yüksək səviyyədə olub. Müsahibə verdiyin gün çox həyəcanlı, bir az da eyforiya vəziyyətində idin. Sənə nə olmuşdu, başa düşə bilmədim...”.
Demokrat.az-ın xəbərinə görə, bunu 61 saylı Neftçala seçki dairəsi üzrə lider namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.
“Bilmirəm, səni kim qızışdırıb o hala salmışdı. Səni nə narahat edir? Mənim seçilməyim? Sabir Rüstəmxanlının Milli Məclisdə olması sənə nə ziyan gətirə bilər ki? 30 ildir, məni tanıyırsan, bir cümlə tap ki, xalqın əleyhinə danışmışam. Mənim Milli Məclisə seçilməyimə sevinmək əvəzinə, narahat olursan? Sərdar Cəlaloğlu mənə Yardımlı yolu göstərir. Bunu sıradan bir adam desə, normal baxaram. Sən mənə Yardımlı yolunu göstərirsənsə, gərək mən də sənə Naxçıvan yolunu göstərim... Deyim ki, sən niyə Naxçıvandan deyil, Bakıdan namizədliyini irəli sürürsən? O zaman deyək ki, kim hansı rayonda doğulubsa, həmin rayondan namizədliyini irəli sürsün, orada işləsin. Bu, feodal düşüncədir. Bu xanlıqlar təfəkkürü bizi hara aparar? Biz bunu çoxdan aşmışıq. Sərdar Cəlaloğlu Nobel sülh mükafatına namizəd olmasından danışır. O bilir ki, mənim bir kitabımı Azərbaycanın hər yerində qızlara cehiz verirdilər, kitabımı hər yerdə oxuyurdular. Yəni ölkədə hansı qapını döysəm, məni doğma adam kimi qarşılayacaqlar. Mən bununla fəxr edirəm. Seçilirsən, deyirlər, iqtidara yaxındır. Təbii ki, iqtidar bəzi həmkarlarımızdan fərqli olaraq istəyir ki, onun məclisində normal adamlar olsun. Bu hələ iqtidarla yaxınlıq deyil. Mən Yardımlıdanam, o rayondan bir nəfər də olsun yüksək vəzifədə yoxdur. İqtidarı söyə-söyə toyda, yasda bir yerdə oturursunuz... Bəzi məsələlər var ki, örtülü qalmalıdır, pərdəni götürməyək. Görürsünüz hara gəlib çıxmışıq? Azərbaycan müxalifət düşərgəsi indi nə gündədir? Deyir ki, yazıçının Milli Məclisdə nə işi var?” – S.Rüstəmxanlı qeyd edib.(Musavat.com/“Canlı debat”)


