YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Saçını, qaşını yolanlar diqqət: Bu, hansı psixoloji pozuntunun əlamətidir?

Saçını, qaşını yolanlar diqqət: Bu, hansı psixoloji pozuntunun əlamətidir?

Bəzi insanlar stress, narahatlıq və ya emosional gərginlik zamanı fərqində olmadan saçlarını, qaşlarını və hətta kipriklərini yolurlar. İlk baxışdan adi bir vərdiş kimi görünən bu davranış əslində trikotillomaniya adlanan psixoloji pozuntunun əlaməti ola bilər.

Demokrat.az xəbər verir ki, trikotillomaniya insanın saçını və bədəninin digər nahiyələrindəki tükləri yolmaq istəyinə qarşı çətinliklə müqavimət göstərdiyi davranış pozuntusudur. Bu hal bəzi insanlarda gərginliyi azaltmaq, digərlərində isə müvəqqəti rahatlıq hissi yaratmaqla müşayiət olunur.

Pozuntu özünü necə büruzə verir?

Trikotillomaniyanın əsas əlamətlərindən biri saç, qaş və kiprik nahiyələrində seyrəklik və keçəllik ocaqlarının yaranmasıdır. İnsan tükləri yolmazdan əvvəl daxili gərginlik hiss edə, bu davranışdan sonra isə qısa müddətli rahatlıq yaşaya bilər.

Bəzi şəxslər davranışlarından utandıqları üçün yaranan boşluqları saç düzümü, makiyaj və ya digər vasitələrlə gizlətməyə çalışırlar.

Saç yolma istəyinin arxasında nə dayanır?

Mütəxəssislərin fikrincə, trikotillomaniyanın yaranmasının dəqiq səbəbi tam müəyyən edilməyib. Bununla belə, bir sıra amillərin pozuntunun inkişafında rol oynadığı ehtimal olunur:

Stress və emosional gərginlik;

Təşviş və depressiya kimi psixoloji problemlər;

Genetik meyillilik;

Beynin davranış və impulsların idarə olunması ilə əlaqəli mexanizmlərindəki fərqliliklər.

Bu pozuntu uşaqlıq və yeniyetməlik dövründə başlaya bilər. Lakin böyüklərdə də müşahidə olunur.

Müalicəsi mümkündürmü?

Trikotillomaniya müalicə oluna bilən pozuntudur. Əsas müalicə üsullarından biri koqnitiv-davranışçı terapiyanın xüsusi istiqaməti olan vərdişin dəyişdirilməsi təlimidir.

Bu terapiya zamanı insana saç yolmaq istəyini yaradan vəziyyətləri müəyyənləşdirmək, həmin davranışın qarşısını almaq və onu alternativ hərəkətlərlə əvəzləmək öyrədilir. Məsələn, belə anlarda stress topundan istifadə etmək və ya əlləri başqa fəaliyyətlə məşğul etmək tövsiyə oluna bilər.

Bəzi hallarda mütəxəssis əlavə müalicə üsullarına da müraciət edə bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, saçını, qaşını və ya kipriyini yolan insanları iradəsizlikdə günahlandırmaq düzgün deyil. Bu davranış təkrarlanırsa və insan onu dayandırmaqda çətinlik çəkirsə, psixoloq və ya psixiatr dəstəyinə müraciət etmək vacibdir.