YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

İsti vanna və sauna kimlər üçün təhlükəlidir? - Həkimdən açıqlama

İsti vanna və sauna kimlər üçün təhlükəlidir? - Həkimdən açıqlama

Soyuq havalarda isti vannada çimmək və saunaya getmək bir çox insan üçün rahatlıq vasitəsi olsa da, yüksək temperatur hər kəsin sağlamlığı üçün faydalı deyil. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və hamilə qadınlar bu prosedurlardan istifadə edərkən ehtiyatlı olmalıdırlar.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın "Gazeta.ru" nəşrinə tibb elmləri doktoru, Dmitri Roqaçov adına Uşaq Tibb Mərkəzinin transfuziologiya şöbəsinin müdiri Pavel Traxtman danışıb.

Həkimin sözlərinə görə, isti vanna bəzi hallarda klassik saunadan daha çox fizioloji təsir göstərə bilər. Su bədən temperaturunu yüksəldərək orqanizmdə müəyyən prosesləri aktivləşdirir. Lakin suyun həddindən artıq isti olması ürək və damar sisteminə mənfi təsir göstərə bilər.

Traxtman bildirib ki, yüksək hərarət, hipertoniya, ürəyin işemik xəstəliyi, venoz problemlər və tromboz zamanı isti vannadan istifadə etmək məsləhət görülmür. Kəskin iltihabi proseslər zamanı və hamiləlikdə, xüsusilə son aylarda da belə prosedurlardan çəkinmək lazımdır.

Mütəxəssis qeyd edib ki, sauna ürək döyüntülərinin tezliyini və qan dövranının sürətini artıraraq orqanizmin oksigenə tələbatına təsir göstərir. İstilik damarların genişlənməsinə, əzələlərin boşalmasına kömək edir. Bu səbəbdən sauna həm fiziki, həm də emosional rahatlama vasitəsi kimi qiymətləndirilir.

Sauna idmanla məşğul olanlar arasında da populyardır. Məşqdən sonra istilik təsirinin əzələ ağrılarını azaltmağa və bərpanı sürətləndirməyə kömək edə biləcəyi bildirilir. Bununla belə, saunada tərləmə orqanizmin maye itirməsini sürətləndirir. Susuzlaşma isə insanın ümumi vəziyyətini pisləşdirə və bərpa prosesini ləngidə bilər.

Həkim intensiv məşqdən dərhal sonra saunaya getməməyi tövsiyə edir. Onun sözlərinə görə, nəbz və tənəffüs tam normallaşdıqdan, təxminən 10-15 dəqiqə keçdikdən sonra saunadan istifadə etmək daha məqsədəuyğundur.

Ürək-damar xəstəliyi olan şəxslər üçün sauna hər zaman tam qadağan hesab edilmir, lakin müəyyən məhdudiyyətlərə əməl olunmalıdır. Yüngül hipertoniya zamanı yuxarı rəflərdə oturmamaq və saunada qalma müddətini 10-12 dəqiqə ilə məhdudlaşdırmaq tövsiyə edilir. Saunadan sonra soyuq suya, xüsusilə soyuq hovuza girmək isə ürək xəstələri üçün təhlükəli ola bilər.

Traxtmanın sözlərinə görə, arterial təzyiqin 200 mm civə sütunundan yüksək olması, damar zədələnmələri ilə müşayiət olunan ateroskleroz, ürək çatışmazlığı və kəskin miokard infarktı saunaya getmək üçün ciddi əks-göstərişlərdir.