Uzun illər davam edən tanışlıq və çoxsaylı ortaq xatirələr hər zaman səmimi dostluğun göstəricisi deyil. Əsl dost insanı çətin anlarda dəstəkləməklə yanaşı, xoşuna gəlməsə belə, ona həqiqəti deməkdən çəkinmir.
Demokrat.az xəbər verir ki, bu barədə psixiatr Xavyer Kintero İspaniyanın "El Confidencial" nəşrinə danışıb.
Mütəxəssisin fikrincə, dostluğun möhkəmliyini insanların nə qədər müddətdir tanış olması deyil, problem və fikir ayrılıqları zamanı bir-birinə necə münasibət göstərməsi müəyyən edir.
Həqiqəti deməkdən çəkinmirlər
Psixiatr əsl dostluğun ilk əlaməti kimi dürüstlüyü göstərib. Onun sözlərinə görə, yaxın insan hər zaman bizimlə razılaşan və eşitmək istədiyimiz sözləri deyən şəxs olmamalıdır.
"Ən yaxşı dostlar həmişə sizinlə razılaşanlar deyil, görmədiyiniz məqamları görməyinizə kömək edənlərdir", – Kintero bildirib.
O qeyd edib ki, fərqli fikirləri açıq ifadə etmək və həqiqəti gizlətməmək münasibətlərin daha sağlam olmasına kömək edir. Fikir ayrılığı isə mütləq münaqişə demək deyil, əksinə, dostluğun vacib hissəsi ola bilər.
Narahat mövzuları müzakirə etməkdən qaçmırlar
Psixiatrın qeyd etdiyi ikinci əlamət şəxsi və çətin mövzular barədə rahat danışmaqdır. Əsl dostlar yalnız xoş söhbətlərlə kifayətlənmir, insanın daxilində narahatlıq yaradan məsələləri də müzakirə edə bilirlər.
Kinteronun fikrincə, belə münasibətlərin əsasında qarşılıqlı etibar dayanır. Bu, təkcə şəxsi məsələləri bölüşməkdə deyil, həm də qarşı tərəfi diqqətlə dinləmək və mühakimə etmədən anlamaqda özünü göstərir.
Mütəxəssis vurğulayıb ki, insanın həyatının çətin dövrlərində yanında olan, səmimiyyət göstərən və onun özünü olduğu kimi ifadə etməsinə imkan verən şəxslər əsl dostlardır.
Psixiatr fikirlərini belə ümumiləşdirib: həqiqi dostlar sizə doğru bildiklərini deməyə cəsarət edən və özünüz olmağınıza imkan verən insanlardır.



