YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial Özəl

Gənclər ailə qurmur, çünki ev ala bilmir — Tural Abbaslı

Gənclər ailə qurmur, çünki ev ala bilmir — Tural Abbaslı

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda bu il nikah yaşına çatmış şəxslərin təxminən yarısı ailə qurmayıb. Onun sözlərinə görə, bu il ölkədə 20-25 yaş aralığında nikah potensialına malik 175 min gənc var. Bu göstərici əsasında təxminən 75-80 min nikahın qeydə alınması gözlənilirdi. Lakin 10 ay ərzində Azərbaycanda cəmi 31 min nikah bağlanıb. İlin sonuna qədər ən yaxşı halda daha 10 min nikahın qeydə alınacağı ehtimal olunur. Beləliklə, il ərzində ümumilikdə təxminən 40 min nikahın rəsmiləşəcəyi gözlənilir. Bu isə nikah potensialının təxminən yarısına bərabərdir.

AĞ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında deyib ki, gənclərin evlənmək istəməməsi ilə maddi imkanların məhdudluğu səbəbindən ailə qura bilməməsi fərqli məsələlərdir:

"Məsələn, Avropanın bəzi inkişaf etmiş və rifah səviyyəsi yüksək olan ölkələrində gənclər şüurlu şəkildə evlənməməyi seçirlər. Bu, məsuliyyət götürmək istəməmələri, öz həyatlarını istədikləri kimi yaşamaq, ailə qarşısında cavabdeh olmamaq, övlad dünyaya gətirib onun məsuliyyətini daşımamaq, karyera qurmaq, dünyanı gəzmək və başqa bu kimi səbəblərlə bağlıdır. Eyni zamanda, Qərb ölkələrində bizim qeyri-ənənəvi hesab etdiyimiz birgə yaşayış formaları da geniş yayılıb. Yəni insanlar rəsmi nikah olmadan da birlikdə yaşaya bilirlər. Bu baxımdan, Avropada ailə institutu bizim Şərq, xüsusilə də Şərq-islam dünyasındakı ailə institutundan fərqlənir. Amma Azərbaycanda gənclər bu səbəblərə görəmi evlənmək istəmirlər? Yəni karyera qurmaq, dünyanı görmək, öz həyatlarını yaşamaq istədikləri üçünmü evlilikdən uzaq dururlar? Xeyr. Təbii ki, bizim gənclər evlənməkdən daha çox işsizlik, mənzil problemi, xanımların cehiz, bəylərin isə toy xərcləri ilə bağlı çətinliklər yaşayırlar. Bu gün Azərbaycanda bütün bunlar şişirdilmiş qiymətlər üzərində qurulub. Toylar, şadlıq evləri, cehiz xərcləri – bunların hamısı bir trendə çevrilib və yalnız oliqarxların, müəyyən bir təbəqənin, vəhşi kapitalizmin nümayəndələrinin cibinə xidmət edir. Bir gənc evlənmək üçün hansısa oliqarx-məmura 50-60 min manat ödəməlidir ki, onun şadlıq sarayında altı saatlıq toy etsin. Bu, birinci mərhələdir. İkinci məsələ isə gənclərin mənzil problemidir. Təkcə 20-25 yaşlı gənclər deyil, Azərbaycanda bu gün 50-60 yaşlı insanlar belə ev ala bilmirlər. Bakıdakı evlərin kvadratmetri fantastik, qeyri-real dərəcədə bahadır. Bu qiymətləri kim qaldırıb? Təbii ki, ev tikənlər. Evləri kim tikir? Sadə insanlar tikmir, yenə qeyd etdiyimiz həmin oliqarx-məmurlar tikir. Bununla bağlı parlamentdə qəbul olunan qərarlara istinad olunur. Biz dəfələrlə qeyd etmişik ki, Bakı şəhərində, ümumiyyətlə, Azərbaycanda heç olmasa müəyyən müddət üçün mənzillərin kvadratmetrinin qiymətinə tavan qoyulması ilə bağlı qərar qəbul etmək olar. Məsələn, Bakı şəhərində kvadratmetri 2500 manatdan baha olan evlərin tikintisi qadağan edilə bilər. Bu, doğrudur, yoxsa yanlışdır? Belə bir addım atılmır. Bakı şəhərində kvadratmetri 11 min manata olan evlər var. 5 min, 6 min manata satılan evlər də mövcuddur. Hətta kvadratmetrin qiymətini 2500 manat götürsək belə, orta ailənin yaşamalı olduğu 80-100 kvadratmetrlik ev 250-300 min manata başa gəlir. Bunu gənc haradan alsın? Tutaq ki, 20-25 yaşlı bir gənc universiteti bitirib, həm xanım, həm də bəy işləyir və hər biri, fantastik bir rəqəm deyək, 1000-2000 manat maaş alır. Bu maaşla necə ev alsınlar? Əli Əhmədovun da təmsil olunduğu parlament bu məsələləri həll etməli, bu istiqamətdə addımlar atmalıdır. Gənclərin işlə təminatı hansı səviyyədədir? Universiteti bitirdikdən neçə il sonra iş tapa bilirlər? İxtisasları üzrə işləyə bilirlərmi?"

Tural Abbaslı əlavə edib ki, gənclərin çoxunun əməyi marketlərdə istismar edilir:

"Mən marketlərdə nə qədər ali təhsilli gənc görürəm. Tələbələr, universitet məzunları, magistrlər marketlərdə satıcı işləyir, piştaxtaları düzürlər. Belə bir zamanda gənclər ailə qurursa, bu, böyük fədakarlıqdır. Bu məsələyə müdaxilə edilməlidir.

Bilirsiniz, Əli Əhmədovun bu məsələni qaldırması çox gözəldir. Amma məsələni təkcə gündəmə gətirmək yox, müzakirə etmək, qərarlar qəbul etmək, qanun layihələri hazırlamaq və qəbul etmək lazımdır. Boşanmaların sayına baxın. Tutaq ki, ilin sonuna qədər 40 min cütlük nikaha daxil olub. Bəs eyni zamanda 20 min ailənin də boşandığını görürük. Uşaqların dünyaya gəlmə sayına baxaq. Məsələn, bu gün cəmi 95 min uşaq dünyaya gəlib. Halbuki 10 il bundan əvvəl bu rəqəm 145-170 min civarında idi. Təxmini belə deyim. Biz bu gün illik 200-210 min doğumdan danışmalı idik, amma görürsünüz, nələrdən danışırıq. Niyə? Bunların hamısı birbaşa maddi imkansızlıq, sosial təminat problemləri və gənclərin sabaha inamsızlığı ilə bağlıdır. Gənclərin böyük əksəriyyəti Azərbaycandan getmək, xaricdə yaşamaq istəyir. Onlar xaricdə sıfırdan başlamağı belə gözə alırlar, nəinki Azərbaycanda həyatlarını davam etdirməyi. Ona görə də bu istiqamətdə təcili qanunlar və qərarlar qəbul olunmalıdır. Gəncləri və gənc ailələri dəstəkləyəcək addımlar atılmalıdır. Əks halda, ildən-ilə pisləşən statistikaları, doğum sayının azalmasını, əhalinin köçünü izləməklə kifayətlənəcəyik və bir gün ayılacağıq ki, Azərbaycan əhalisi Cənubi Qafqazda 3-4 milyon nəfərə düşüb".