Azərbaycan Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiyini bildirib.
Prezidentin köməkçisi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib. Qalıqların çıxarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla belə, biz hələ də Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik"-deyə Hikmət Hacıyev bildirib.
Dekabr ayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycana səfərə gələcək. Bu barədə Simonyan özü bu açıqlama verib.
Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfərində kütləvi məzarlıqların ən azından bir qisminin yeri barədə rəsmi Bakıya məlumat açıqlaya, sənədlər təqdim edə bilərmi? İrəvan münasibətlərin daha da yaxşılaşması üçün buna gedərmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin açıqlaması Azərbaycan dövlətinin bu məsələ ilə bağlı həssaslığının, siyasətinin ifadəsidir:
"200 məzarlı məsələsi qeyd edilirsə, deməli dövlətin əlində bunu təsdiq edəcək kifayət qədər faktlar var. Mən 15 il Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olarkən komissiyada kütləvi məzarlıqlarla bağlı xeyli məlumatlar toplanmışdı. İndi torpaqlarımız işğaldan azad olunub və ərazilərimizə nəzarət edirik. Ona görə də Ermənistan həmin məzarlıqların yerlərini açıqlamalıdır. Ermənistan Təhlükəsizlik Şurasının katibinin dekabrda Azərbaycana gözlənilən səfəri Azərbaycan-Ermənistan münasibətlərində humanitar məsələlərin həlli baxımından mühüm fürsət yarada bilər. Xüsusilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu gün Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözlədikləri barədə fikirlərindən sonra bu səfərin əhəmiyyəti daha da artır. Məsələ yalnız diplomatik münasibətlərdən və siyasi razılaşmalardan getmir. Söhbət onilliklərdir yaxınlarının taleyini bilməyən minlərlə insanın ağrısından, itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsindən və ailələrin öz doğmalarının məzarını tapmaq hüququndan gedir. Bu səfərin ən mühüm nəticəsi itkin düşmüş şəxslərin taleyi ilə bağlı konkret məlumatların mübadiləsinə nail olmaq ola bilər. Ümid edək ki, Ermənistan tərəfi, Alen Simonyan müəyyən sənədlər təqdim edəcək. Alen Simonyanın Azərbaycana səfəri zamanı bu mövzunun müzakirəsi və müvafiq sənədlərin təqdim olunması üçün imkan yarana bilər. Hesab edirəm ki, Ermənistan müəyyən faktları Azərbaycan tərəfə təqdim etməlidir. Bu onların borcudur, humanitar hüquq da bunu tələb edir.
Məsələn, məzarlıqların koordinatlarını açıqlaya, keçmiş hərbi hissələrin arxiv sənədlərindən müvafiq materialları təqdim edə, hərbi əməliyyatlar zamanı əsir götürülmüş və sonradan taleyi məlum olmayan şəxslər haqqında məlumatları paylaşa bilər. Belə bir addımın atılması Ermənistanın sülh prosesinə humanitar müstəvidə töhfə verməsi baxımından əhəmiyyətli olardı".



