"Qalatasaray" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün "Fiorentina"nın futbolçusu Krist Oulai ilə bağlı yenidən hərəkətə keçib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, İstanbul klubu yarımmüdafiə xəttinə transferi prioritet hesab edir. Daha əvvəl də gündəmdə olan 20 yaşlı futbolçunun keçidi yüksək transfer məbləği səbəbindən baş tutmamışdı. Oulai ötən mövsüm "Trabzonspor"un heyətindəki çıxışı ilə diqqət çəkdikdən sonra İtaliyanın "Fiorentina" klubuna transfer olunub.
Lakin gənc yarımmüdafiəçi yeni komandasında gözlənilən sabitliyi nümayiş etdirə bilməyib. O, bu mövsüm İtaliya təmsilçisinin heyətində keçirdiyi 9 rəsmi oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
"Qalatasaray" rəhbərliyi futbolçunu yanvarda icarəyə götürmək, mövsümün sonunda isə satın almaq hüququnu əldə etmək niyyətindədir. Təklif ediləcək müqavilədə satınalma şərtinin oyun sayı, meydanda qalma müddəti və fərdi performans kimi göstəricilərdən asılı olması nəzərdə tutulur.
Türkiyə klubunun futbolçunun özü ilə də təmasda olduğu və müsbət cavab aldığı iddia edilir. Fil Dişi Sahili millisinin üzvü olan Oulai həmçinin 2026-cı il dünya çempionatında ölkəsinin formasını geyinib.
Qeyd edək ki, "Fiorentina" gənc futbolçunu ötən yay "Trabzonspor"dan 26 milyon avro zəmanətli ödəniş və 4 milyon avrodan artıq bonus qarşılığında transfer edib. Türkiyə klubu isə növbəti satışdan 10 faiz pay əldə etmək hüququnu saxlayıb. Oulai "Trabzonspor"da 31 rəsmi matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.



