Türkiyənin "Fənərbağça" klubu qış transfer pəncərəsi üçün hazırlıqlara başlayıb. İstanbul təmsilçisi heyətindəki boşluqları aradan qaldırmaq və çempionluq mübarizəsində mövqeyini gücləndirmək məqsədilə 9 futbolçudan ibarət transfer siyahısı hazırlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, baş məşqçi Emre Belözoğlu və klub prezidenti Aziz Yıldırımın iştirakı ilə müəyyənləşdirilən siyahıda Avropanın tanınmış klublarında çıxış edən futbolçular da yer alıb.
Müdafiə xəttini gücləndirmək istəyən İstanbul klubu "Bavariya"nın cənubi koreyalı müdafiəçisi Kim Min Jeni əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Bildirilir ki, rəhbərlik yaxın vaxtlarda Almaniya klubu ilə əlaqə saxlayaraq futbolçuya marağını bildirəcək.
Yarımmüdafiə xətti üçün nəzərdə tutulan namizədlər arasında isə "Mançester Siti"nin xorvatiyalı futbolçusu Mateo Kovaçiç xüsusi yer tutur. 32 yaşlı oyunçunun müqaviləsinin mövsümün sonunda başa çatacağı bildirilir. İngiltərə mətbuatının iddiasına görə, Kovaçiç yayadək gözləmədən komandadan ayrılmağa müsbət yanaşır. "Fənərbağça"nın bu transferdə əsas namizədlərdən biri olduğu vurğulanır.
Hücum xəttində isə İstanbul klubunun diqqəti "Real Madrid"in braziliyalı istedadı Endrikə yönəlib. 20 yaşlı futbolçunun daha çox oyun təcrübəsi qazanmaq üçün yanvarda icarə əsasında komandadan ayrılmaq istədiyi iddia olunur. Onun xidmətində "Fənərbağça" ilə yanaşı, bir sıra Avropa klublarının da maraqlı olduğu qeyd edilir.
Bundan başqa, "sarı-lacivərdlilər" Nelson Semedonun mümkün ayrılığına qarşı sağ cinah müdafiəçisi axtarışındadır. Bu mövqeyə namizədlərdən biri klubun yetirməsi olan 23 yaşlı Arda Okan Kurtulandır. Futbolçunun yenidən "Fənərbağça"ya qayıtmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, transfer siyahısında Hakan Çalhanoğlu, Danilo, Andre, Ayari və Avom kimi futbolçuların da adları çəkilir. Lakin bu keçidlərlə bağlı hələlik rəsmi razılaşma açıqlanmayıb.



