"Donald Tramp hələ hakimiyyətə gəlməmişdən əvvəl də Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasının vacibliyini vurğulayır və hakimiyyətə gəldikdən dərhal sonra bu problemi həll edə biləcəyini bildirirdi. Lakin artıq iki ilə yaxındır ki, bu istiqamətdə çalışmasına baxmayaraq, hələlik ortada real nəticə yoxdur. Trampın "bu savaşdan biz qazanırıq" fikrinə gəlincə, burada müəyyən həqiqət payı var. Belə ki, hazırda Amerika Birləşmiş Ştatları Ukraynaya birbaşa yardım şəklində silah vermir. Əvəzində silahlarını bazar qiymətləri ilə Avropa ölkələrinə sataraq gəlir əldə edir. Avropa ölkələri isə öz vəsaitləri hesabına aldıqları həmin silahları Ukraynaya verirlər ki, ölkə Rusiyanın qarşısında müqavimətini davam etdirə bilsin".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Donald Trampın sülh məsələsində səmimidir:
"Çünki Tramp tarixə sülh yaradan lider kimi düşmək istəyirdi. Lakin artıq bu obraz ciddi şəkildə zədələnib. Bunun səbəbi onun İrana qarşı müharibəyə başlaması, Venesuelada hakimiyyət dəyişikliyi istiqamətində addımlar atması, ölkə prezidentinin həbs edilərək ABŞ-yə aparılması və ona qarşı ittihamların irəli sürülməsidir. Əslində, Donald Trampın əsas planlarından biri Rusiya-Ukrayna müharibəsini dayandırmaqla yanaşı, ABŞ-nin iqtisadi və geosiyasi maraqlarını da təmin etməkdir. Belə ki, Amerika Birləşmiş Ştatları artıq Ukrayna ilə nadir torpaq elementlərinə dair saziş imzalayıb. Ukraynada, xüsusilə Rusiyanın işğal etdiyi ərazilərdə bu elementlərin əhəmiyyətli ehtiyatlarının olduğu bildirilir. Həmin resurslar süni intellekt, yeni texnologiyalar, yarımkeçiricilər, çiplər və digər müasir sistemlərin istehsalında mühüm əhəmiyyət daşıyır. ABŞ-nin isə bu resurslara ciddi ehtiyacı var. Eyni zamanda, Vaşinqton müharibə prosesində müəyyən mənada Rusiyanın maraqlarını da nəzərə almaqla bu ölkənin enerji sektoru və nadir torpaq elementlərinin istismarı sahəsində güzəştli imkanlar əldə etməyə çalışır. Şübhəsiz ki, ABŞ-nin digər məqsədlərindən biri də Rusiyanı öz tərəfinə çəkməklə Çinin təsir imkanlarını məhdudlaşdırmaqdır.
Bu baxımdan Donald Trampın müharibə ilə bağlı mövqeyi kifayət qədər aydındır. Rusiya ilə razılaşaraq Ukraynanın Moskvanın, İranın isə Vaşinqtonun nəzarətinə keçəcəyi ilə bağlı iddialara gəlincə, düşünmürəm ki, vəziyyət bu qədər sadədir. Həm Ukrayna, həm də İran müqavimət göstərməkdə davam edir və bu ölkələri ram etmək heç də asan deyil. Digər tərəfdən, bu məsələlərdə Çin faktorunu da diqqətdən kənarda saxlamaq olmaz.
Ümumiyyətlə, müharibələrə və beynəlxalq münasibətlərə yanaşarkən yalnız Tramp və Putinin mövqelərini nəzərə almaq kifayət deyil. Onlar istəsələr belə, Ukrayna və İranla bağlı bütün məsələləri öz aralarında razılaşdıraraq həll edə bilməzlər. Bu, real görünmür. Trampın "pulunu verib, pulunu alıb silah satırıq" yanaşmasına gəlincə, o, digər siyasətçilərdən fərqli olaraq, fikirlərini diplomatik ifadələrlə ört-basdır etmir. Mövqeyini birbaşa və hər kəsin başa düşəcəyi formada açıqlayır.
Nəzərə alsaq ki, bu yanaşma ABŞ-nin silah istehsalçılarının da maraqlarına uyğundur, deməli, həmin şirkətlər istehsal etdikləri məhsulları sataraq ciddi gəlir əldə edirlər. Tramp bu mövqeyi tutmaqla Avropanın maliyyə imkanlarından da istifadə edir.
Beləliklə, Avropa ölkələrinin vəsaiti hesabına Ukraynanın müharibəni davam etdirməsinə şərait yaranır".



