YapiKredi Müraciət Forması
Sosial

TTM-də 200 minlik mənimsəmə: Sarı Xəlilovun fəaliyyəti ilə bağlı daha hansı suallar var? - ARAŞDIRMA

TTM-də 200 minlik mənimsəmə: Sarı Xəlilovun fəaliyyəti ilə bağlı daha hansı suallar var? - ARAŞDIRMA

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) sabiq rəisi, polkovnik Sarı Xəlilovun adı son günlər hərbi sistemdəki ciddi araşdırmalar fonunda yenidən gündəmə gəlib. Onun rəhbərlik etdiyi qurumda dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Lakin Xəlilovun rəhbərlik etdiyi dövrlə bağlı diqqət çəkən məqamlar bununla məhdudlaşmır.

Demokrat.az xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi və əlavə araşdırılmasına ehtiyac duyulan məlumatlara görə, onun TTM-ə rəhbərlik etdiyi müddətdə ehtiyat zabit hazırlığı kursuna qəbul və kursu bitirən şəxslərin sonrakı hərbi təyinatları ilə bağlı da müəyyən iddialar mövcuddur.

200 min manatdan artıq mənimsəmə işi

Qeyd edək ki, 23 oktyabr 2026-cı ildə Qafqazinfo TTM-də dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi açıldığını, polkovnik Sarı Xəlilov da daxil olmaqla, yeddi nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini açıqlayıb.

İş üzrə Xəlilovla yanaşı, onun keçmiş köməkçisi gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, həmçinin İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov və Ayaz Adamov təqsirləndirilirlər.

İbtidai istintaqla dövlətə dəymiş ziyanın 200 min manatdan çox, sonrakı məhkəmə məlumatlarında isə 207 min manat olduğu göstərilib.

Noyabrın 4-də Bakı Hərbi Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışının noyabrın 13-də davam etdirilməsi nəzərdə tutulub.

Burada xüsusi vurğulanmalıdır ki, sadalanan şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməyib.

Ehtiyat zabit kursuna qəbul və hərbi təyinatlarla bağlı iddialar

Redaksiyamıza daxil olan məlumatlarda diqqət çəkən digər məsələ ehtiyat zabit hazırlığı kursunun fəaliyyəti ilə bağlıdır.

İddialara görə, Sarı Xəlilovun TTM-ə rəhbərlik etdiyi dövrdə bəzi şəxslərin ehtiyat zabit hazırlığı kursuna qəbul edilməsi, eləcə də kursu başa vurduqdan sonra daha əlverişli hesab olunan hərbi hissələrə təyin olunması müqabilində müəyyən məbləğlərdə pul vəsaiti alınıb.

Məlumatlarda bu prosesin birbaşa deyil, müxtəlif şəxslərin vasitəçiliyi ilə həyata keçirildiyi də iddia olunur. Həmçinin söhbətin bir nəfərdən deyil, bir neçə şəxsdən getdiyi bildirilir.

Əgər bu iddialar təsdiqini taparsa, söhbət yalnız ayrı-ayrı şəxslərin qanunsuz qazancından deyil, hərbi kadrların seçilməsi və yerləşdirilməsi prosesində mümkün sui-istifadə hallarından gedə bilər.

Çünki ehtiyat zabit hazırlığı kursu Azərbaycan Ordusunun gələcək zabit kadrlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müdafiə Nazirliyinin 2022-ci ildə yaydığı qəbul qaydalarına əsasən, namizədlər tibbi müayinədən, fiziki hazırlıq və ümumi bilik səviyyəsinin qiymətləndirilməsindən, eləcə də digər seçim mərhələlərindən keçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirən şəxslər leytenant rütbəsi alaraq ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.

Məhz bu səbəbdən qəbul və təyinat prosesinin şəffaflığı xüsusi əhəmiyyət daşıyır.

Redaksiyamıza daxil olan iddiaların hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmadığı, konkret epizodlar üzrə hər hansı sübutun olub-olmadığı hələlik məlum deyil.

TTM-də idarəçilik və münasibətlərlə bağlı narazılıqlar

Sarı Xəlilovun rəhbərlik etdiyi dövrlə bağlı səsləndirilən digər iradlar isə hərbi təhsil prosesində uzun illər çalışan şəxslərə münasibətlə əlaqələndirilir.

Məlumatlarda onun hərbi təhsil sisteminin formalaşmasında uzun müddət əmək sərf etmiş bəzi şəxslərə qarşı kobud və laqeyd münasibət göstərdiyi iddia olunur.

Hərbi təhsil müəssisəsində idarəçilik yalnız inzibati səlahiyyətlərdən ibarət deyil. İllərlə bu sistemdə çalışan mütəxəssislərin təcrübəsindən istifadə edilməsi, onların əməyinin qiymətləndirilməsi və peşəkar münasibətlərin qorunması da vacibdir.

Nizam Osmanov amili: karyera planları və vəzifədən ayrılma

Sarı Xəlilovun karyera perspektivləri ilə bağlı da müxtəlif məlumatlar mövcuddur.

İddialara əsasən, o, uzun müddət daha yüksək vəzifəyə yüksəlmək istəyib və bu istiqamətdə çalışıb. Lakin müdafiə nazirinin sabiq müavini, general-leytenant Nizam Osmanovun vəzifədən getməsi onun gələcək karyera planlarına təsir edən amillərdən biri olub.

Bu kontekstdə Xəlilovla Osmanov arasındakı münasibətlər də diqqət çəkir.

Bizim.Media-nın 28 iyul 2023-cü il tarixli məlumatında Sarı Xəlilovun Nizam Osmanovun yaxın adamlarından olduğu, hətta onların sinif yoldaşı olduqları bildirilirdi. Həmin dövrdə Xəlilovun TTM rəisi vəzifəsindən azad edildiyi barədə də məlumat yayılmışdı.

2026-cı ilin oktyabrında Qafqazinfo da onların uşaqlıqdan dost olduqlarına dair məlumat yayıb.

Beləliklə, Xəlilovun vəzifədən ayrılması ilə bağlı 2023-cü ildə yayılan məlumatlar və onun sonradan cinayət məsuliyyətinə cəlb edilməsi hərbi sistemdə həmin dövrün idarəçilik münasibətlərinə yenidən nəzər salınmasını zəruri edir.