Ətin bəzən sərt və quru alınması yeməyin dadını korlaya bilər. Lakin onu daha yumşaq və şirəli etmək üçün mürəkkəb marinadlara ehtiyac yoxdur. Mətbəxdə istifadə edilən adi bir meyvə bu işdə köməyə çata bilər.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşrinin "Terazgotuje"yə istinadən yaydığı məlumata görə, kivi ətin yumşaldılması üçün effektiv vasitələrdən biridir.
Bu meyvənin tərkibində olan aktinidin adlı ferment zülalların parçalanmasına kömək edir. Nəticədə ətin lifləri yumşalır, bişirilmə zamanı daha tez istilik keçirir və hazır yemək daha şirəli alınır.
Bunun üçün kivini əzərək və ya sürtgəcdən keçirərək ətin üzərinə çəkmək, daha sonra təxminən 20 dəqiqə gözləmək kifayətdir. Ətin növündən və tikələrin ölçüsündən asılı olaraq marinadlama müddəti 20-40 dəqiqə arasında dəyişə bilər.
Lakin kivili marinaddan istifadə edərkən vaxtı düzgün seçmək vacibdir. Ət bu qarışıqda həddindən artıq saxlanılarsa, öz strukturunu itirərək normadan artıq yumşala bilər.
Hansı ətlər üçün daha uyğundur?
Mütəxəssislərin tövsiyəsinə əsasən, kivili marinad xüsusilə donuz əti üçün münasibdir. Bu üsulla hazırlanmış əti sobada bişirmək, tavada qızartmaq və ya qrildə hazırlamaq mümkündür.
Xüsusilə donuzun boyun və bel hissələri, qabırğaları kivili marinad üçün yaxşı seçim hesab olunur.
Toyuq, hinduşka və digər zərif ət növlərində isə bu üsuldan ehtiyatla istifadə edilməlidir. Çünki həmin məhsulların strukturu daha yumşaq olduğundan fermentin təsiri nəticəsində ət qısa müddətdə formasını və teksturasını itirə bilər. Balıq üçün də kivili marinad ən yaxşı seçim sayılmır.


