YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Saunanın immunitetə gözlənilməz təsiri - Alimlər açıqladı

Saunanın immunitetə gözlənilməz təsiri - Alimlər açıqladı

Saunada vaxt keçirmək təkcə rahatlamağa və yorğunluğu azaltmağa deyil, immun sisteminin fəaliyyətinə də müsbət təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, Finlandiyanın Şərqi Finlandiya Universitetinin alimlərinin apardığı araşdırmada 30 dəqiqəlik sauna seansının orqanizmdə immun hüceyrələrinin sayını müvəqqəti artırdığı müəyyən edilib.

Tədqiqatda orta yaşı 50 olan 51 nəfər iştirak edib. Onlardan sauna seansından əvvəl, dərhal sonra və 30 dəqiqə keçdikdən sonra qan nümunələri götürülüb.

Nəticələr göstərib ki, saunadan sonra neytrofillər və limfositlər də daxil olmaqla, qanda dövr edən ağ qan hüceyrələrinin sayı artıb. Bu hüceyrələr orqanizmin infeksiyalara qarşı müdafiəsində mühüm rol oynayır. Lakin artım müvəqqəti olub və təxminən 30 dəqiqə sonra göstəricilər əvvəlki səviyyəsinə qayıdıb.

Tədqiqatın həmmüəllifi, professor Jari Laukkanen bildirib ki, bu dəyişikliklərin uzunmüddətli immunitetə necə təsir etdiyi hələ tam müəyyənləşdirilməyib. Bunun üçün əlavə araşdırmalara ehtiyac var.

Mütəxəssislərin sözlərinə görə, sauna ürək döyüntüsünü sürətləndirə, qan damarlarının genişlənməsinə və rahatlamağa kömək edə bilər. Müntəzəm sauna istifadəsi daha aşağı qan təzyiqi və ürək sağlamlığı ilə də əlaqələndirilir.

Bununla belə, ciddi ürək problemləri, aşağı qan təzyiqi və güclü başgicəllənməsi olan şəxslərə sauna qəbulunda ehtiyatlı olmaq tövsiyə edilir. Hamilə qadınlar və yaşlı insanlar da əvvəlcədən həkimlə məsləhətləşməlidirlər.