Cümə günləri gec yatmaq, həftəsonu isə yuxu çatışmazlığını kompensasiya etmək üçün uzun müddət yatmaq ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə neyrobioloq Vyet Nquyen "Mirror" nəşrinə açıqlamasında danışıb.
Məlumata görə, alimlərin 10 min yetkin insanın məlumatları əsasında apardığı araşdırma yuxu rejiminin qeyri-sabit olmasının infarkt, insult və ürək çatışmazlığı riskini 20-23 faiz artırdığını göstərib.
Tədqiqatçılar müəyyən ediblər ki, gecə yuxusunun müddətində cəmi 30 dəqiqəlik dəyişiklik belə ürək-damar problemləri ilə əlaqəli ola bilər. Yuxunun əvvəlki gecə ilə müqayisədə yarım saat artıq və ya az olması ürək xəstəlikləri riskinin təxminən üçdəbir artması ilə müşayiət olunub.
Neyrobioloqun sözlərinə görə, bunun əsas səbəblərindən biri orqanizmin bioloji saatının, yəni sirkadiyalı ritmin pozulmasıdır. Normal yuxu zamanı arterial təzyiq 10-20 faiz azalır və bu, ürək-damar sisteminin istirahət etməsinə şərait yaradır. Yuxu saatlarının tez-tez dəyişməsi isə həmin mexanizmə mənfi təsir göstərə bilər.
Vyet Nquyen xüsusilə həftəiçi az yatıb, həftəsonu gec oyanmaq vərdişinə diqqət çəkib. Onun fikrincə, cümə günü gec yatmaq və şənbə günü səhər saatlarında uzun müddət yatmaq orqanizmin təbii ritmini poza bilər.
Mütəxəssis ürək sağlamlığını qorumaq üçün həftəiçi və həftəsonu da daxil olmaqla, hər gün eyni saatlarda yatıb-oyanmağı tövsiyə edir.


