YapiKredi Müraciət Forması
Dünya Özəl

Berlində "Hells Angels"ə böyük zərbə – 300 polis əməliyyata qatıldı

Berlində Hells Angelsə böyük zərbə – 300 polis əməliyyata qatıldı

Almaniyanın paytaxtı Berlində polis ABŞ mənşəli "Hells Angels" motosiklet qrupuna qarşı genişmiqyaslı əməliyyat keçirib. Dəstənin türkəsilli mağaza sahibləri və restoran işlədən şəxsləri təhdid edərək onlardan pul tələb etməsi ehtimalı araşdırılır.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyata təxminən 300 polis əməkdaşı cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları doqquz ünvanda, eləcə də Berlinin Biesdorf rayonunda yerləşən "Hells Angels" təşkilatının binasında axtarış aparıblar.

Əməliyyata Berlin Cinayət Polisi İdarəsinin nəzdində bir il əvvəl yaradılmış "Ferrum" adlı xüsusi bölmə rəhbərlik edib. Silahlı mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə fəaliyyət göstərən bölmənin keçirdiyi əməliyyatda xüsusi təyinatlı polis qüvvələri, o cümlədən SEK və Federal Polisin "GSG 9" dəstəsi iştirak edib.

Berlin polisinin sözçüsü Florian Nath bildirib ki, axtarışlar odlu silahlardan istifadə ilə bağlı cinayətlərin araşdırılması çərçivəsində məhkəmə qərarları əsasında həyata keçirilib. Məqsəd istintaq üçün sübutların əldə edilməsidir.

İctimai yayımçı RBB-nin polisə istinadən yaydığı məlumata görə, "Ferrum" bölməsinin araşdırmaları əsasən Berlinin türkəsilli mağaza sahiblərini və restoran sahibkarlarını hədəfə alan, onlardan pul almaq məqsədilə təhdidlərə əl atan cinayətkar qruplarla bağlıdır.

Berlində odlu silahlarla əlaqəli zorakılıq hallarının da artdığı bildirilir. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında şəhərdə odlu silahların istifadə olunduğu 585 cinayət qeydə alınıb. Onlardan 324-ü hədə-qorxu, 261-i isə atəş açılması halları olub.

"Ferrum" xüsusi bölməsi 13 noyabr 2025-ci ildə yaradıldıqdan sonra 720-dən çox araşdırmaya başlayıb. Bu işlərin 483-ü birbaşa və ya dolayı yolla odlu silahlardan istifadə ilə əlaqələndirilib.