Rusiya ordusunun Ukraynanın infrastrukturuna hücumları və dəniz limanlarının blokadaya alınması ölkə iqtisadiyyatına ciddi zərər vurur. 2026-cı ilin sonunadək bu amillərin Ukraynanın xarici ticarət balansına vuracağı zərərin 6,6 milyard dollara çatacağı proqnozlaşdırılır.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının oktyabr ayı üzrə inflyasiya hesabatında bildirilib.
Məlumata görə, 2026-cı ilin ikinci yarısında limanların blokadası və infrastrukturun atəşə tutulması ölkənin real ÜDM artım tempini 1,9 faiz bəndi azaldacaq. İqtisadi itkilərin əsas səbəblərindən biri iri metallurgiya müəssisələrinin fəaliyyətinin dayanmasıdır. Bu amilin təkbaşına 2026-cı ilin yekununda ÜDM artımını 0,7 faiz bəndi aşağı salacağı gözlənilir.
Milli Bankın hesablamalarına əsasən, sözügedən amillərin təsiri 2026-cı ilin üçüncü rübündə ÜDM artımını 0,7, dördüncü rübündə isə əlavə olaraq 1,2 faiz bəndi azaldacaq. Bununla yanaşı, istehsalın zəifləməsi qiymət artımına da təzyiq göstərəcək.
Hesabatda vurğulanır ki, sənaye müəssisələrinin dağıdılması və uzunmüddətli fəaliyyət fasilələri metal məhsullarının istehsalını və ixracını əhəmiyyətli dərəcədə azaldacaq. Alternativ nəqliyyat marşrutlarının baha başa gəlməsi də dağ-mədən və metallurgiya sektorunda rentabelliyi aşağı salacaq.
Ukrayna Milli Bankının baza ssenarisinə görə, Böyük Odessanın dəniz limanlarının blokadası 2027-ci ilin ortalarınadək davam edə bilər. Bu vəziyyət həm metallurgiya, həm də kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını məhdudlaşdıracaq.
Xarici ticarət balansında yaranacaq 6,6 milyard dollarlıq itkinin mühüm hissəsi kənd təsərrüfatı məhsullarının ixracının azalması ilə bağlı olacaq.
Milli Bank xəbərdarlıq edir ki, Rusiya hücumlarının və ixrac logistikasındakı problemlərin iqtisadiyyata mənfi təsiri 2026-cı illə məhdudlaşmayacaq. Bu amillərin nəticələrinin 2027-ci ildə də iqtisadi fəallıq və qiymət dinamikasında hiss olunacağı gözlənilir.


