YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Məşhur musiqiçi 84 yaşında milyarder oldu

Məşhur musiqiçi 84 yaşında milyarder oldu

Dünya musiqisinin tanınmış simalarından olan Pol Makkartni 84 yaşında milyarderlər sırasına qoşulub. "The Beatles" qrupunun keçmiş üzvünün sərvətinin 1,4 milyard dollara çatdığı bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Makkartni musiqi karyerası ilə yanaşı, illər ərzində qurduğu biznes və müəllif hüquqları üzərində nəzarət sayəsində də böyük gəlir əldə edib. O, 1969-cu ildə, "The Beatles" qrupunun dağılmasından bir qədər əvvəl MPL Communications adlı musiqi şirkətini yaradıb.

Müğənninin sərvətinin təxminən 250 milyon dollarlıq hissəsinin məhz bu şirkətin fəaliyyəti ilə bağlı olduğu qeyd edilir. MPL yalnız Makkartninin solo yaradıcılığının hüquqlarını idarə etmir, eyni zamanda başqa sənətçilərin əsərlərinin müəllif hüquqlarına da sahibdir.

Makkartni 1960-cı illərdə "The Beatles"ın dünya şöhrəti qazandığı dövrdə belə, musiqi satışlarından gözlənilən qədər gəlir əldə edə bilməyib. Həmin vaxt qrupun albom satışlarından hər nüsxəyə görə aldığı məbləğin bir sentdən az olduğu bildirilir. Mahnıların söz və musiqilərinə dair nəşr hüquqları isə qrupun naşiri Dik Ceymsin nəzarətində olub. Makkartni 2017-ci ildə bu razılaşmanı "köləlik müqaviləsi" adlandırmışdı.

Musiqiçi sonradan MPL vasitəsilə öz əsərlərinin nəşr hüquqlarını və orijinal səsyazmalarına nəzarəti öz əlində saxlamağa nail olub. Şirkət həmçinin "Grease", "Guys and Dolls" və "Annie" kimi Brodvey müzikllarının hüquqlarını əldə edib.

Bundan başqa, Makkartninin "The Beatles" mahnılarının müəlliflik hüquqlarındakı payından ildə təxminən 10 milyon dollar qazandığı bildirilir. Onun müxtəlif ölkələrdə daşınmaz əmlakları, eləcə də Pablo Pikasso və Rene Maqritt kimi məşhur rəssamların orijinal əsərlərindən ibarət kolleksiyası var.

Forbes-in musiqi dünyasının ən varlıları ilə bağlı siyahısında Makkartni üçüncü yerdə qərarlaşıb. Ondan öndə 2,8 milyard dollar sərvətlə Cey Zi və 2 milyard dollarla Teylor Svift yer alıb.