YapiKredi Müraciət Forması
İdman Özəl

Mbappe qalmaqalı böyüyür: Çin "Real Madrid"ə də etiraz edir

Mbappe qalmaqalı böyüyür: Çin Real Madridə də etiraz edir

Fransalı futbolçu Kilian Mbappenin Çin lideri Mao Tszedunla bağlı sözlərinə görə yaranan qalmaqal yeni mərhələyə keçib. Çində tənqidlərin hədəfinə çevrilən ulduz futbolçudan sonra onun çıxış etdiyi "Real Madrid" də ölkədə narazılıqla üzləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın "Foot Mercato" nəşri məlumat yayıb.

Qalmaqal Mbappenin zarafat kontekstində Mao Tszedunu "çinli diktator" adlandırmasından sonra başlayıb. Onun sözləri Çində geniş etirazlara səbəb olub. Futbolçu yaranan reaksiyalardan sonra üzr istəsə də, narazılıq səngiməyib.

Çin platformalarında Mbappenin görüntülərinin yayılmasına məhdudiyyət qoyulub. Bundan başqa, izotonik içki istehsalçısı "Buchuela" və süd məhsulları şirkəti "Mengniu" futbolçu ilə əməkdaşlığa son verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Jiakun isə Mbappenin üzr istəməsini şərh edərək, müvafiq şəxsin üzrxahlığını təqdir etdiklərini bildirib.

Qalmaqal İspaniya futboluna da təsir göstərib. Çin İspaniya çempionatının bəzi oyunlarının ölkə ərazisində yayımını qismən dayandırıb. Bu vəziyyət La Liqanın prezidenti Xavyer Tebası İspaniyanın Çindəki səfiri ilə görüşməyə sövq edib.

"Foot Mercato"nun məlumatına görə, Çin dövlət mediası və hökumətyönlü platformalar "Real Madrid"i Mbappe məsələsinə münasibətdə ikili standart nümayiş etdirməkdə ittiham edir. Tənqidlər klubun futbolçusu Vinisius Juniora qarşı irqçi davranışlarla bağlı əvvəlki mövqeyi ilə müqayisədən qaynaqlanır.

Madrid klubu qalmaqalla bağlı açıqlama yayaraq üzr istəyib. Lakin bu bəyanatın hadisənin gündəmə gəlməsindən 48 saat sonra verilməsi Çin mediasında gecikmiş addım kimi qiymətləndirilib.

Çin mediası xatırladır ki, "Real Madrid" Vinisiusa qarşı irqçilik halları baş verəndə daha operativ reaksiya verib. Mbappenin açıqlamasından sonra isə klubun ilk mərhələdə susması suallar doğurub.

"Marca" nəşrinin yazdığına görə, Çin mediası bu gecikməni klubun əsas ulduzunun kommersiya dəyərini qorumaqla Çin bazarındakı maraqlarını uzlaşdırmaq cəhdi kimi şərh edib.

"Guangxi News" nəşri isə yaranmış etimadı bərpa etməyin asan olmayacağını bildirib və Madrid klubundan konkret addımlar gözlənildiyini vurğulayıb.

Jalə