YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Heyvanı vuran sürücünün zərərini kim ödəməlidir?

Heyvanı vuran sürücünün zərərini kim ödəməlidir?

Yolda qəfil qarşısına çıxan heyvanı vuran sürücülər həm avtomobilə dəyən zərərlə, həm də yaranan hüquqi məsuliyyət məsələləri ilə üzləşə bilərlər. Belə hallarda təmir xərclərinin kim tərəfindən qarşılanacağı, heyvan sahibinin məsuliyyət daşıyıb-daşımadığı mübahisə doğurur.

Bəs sürücü heyvanı vuraraq avtomobilinə zərər vurarsa, zərəri kim ödəməlidir və heyvan sahibini hansı hüquqi məsuliyyət gözləyir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yolda heyvanın vurulması nəticəsində avtomobilə zərər dəydikdə, təmir xərclərinin kim tərəfindən ödənilməsi sürücünün və heyvan sahibinin təqsirindən, eləcə də hadisənin konkret hallarından asılıdır.

Heyvanı vuran sürücünün zərərini kim ödəməlidir?

Onun sözlərinə görə, heyvan sahibi ona məxsus heyvana lazımi nəzarəti təmin etmədikdə və bu səbəbdən avtomobilə zərər dəydikdə, mülki-hüquqi qaydada dəymiş zərərin əvəzini ödəmək öhdəliyi yarana bilər:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə görə, heyvanın nəzarətsiz qalması və ya qaçması öz-özlüyündə sahibini məsuliyyətdən azad etmir. Lakin sahibin üçüncü şəxslərin təhlükəsizliyi üçün zəruri tədbirlər gördüyü sübuta yetirilərsə, zərərin ödənilməsi öhdəliyi yaranmaya bilər.

Hadisə zamanı sürücünün də davranışı nəzərə alınır. Belə ki, sürət həddinin aşılması, yol şəraitinə uyğun hərəkət edilməməsi və ya sürücünün təhlükəni gördükdən sonra qəzanın qarşısını almaq üçün zəruri tədbirlər görməməsi hadisənin baş verməsinə təsir göstərə bilər. Bu halda tərəflərin təqsir dərəcəsi və hadisə ilə zərər arasındakı səbəbli əlaqə araşdırılmalıdır. Yəni heyvanın avtomobil tərəfindən vurulması hər vəziyyətdə bütün məsuliyyətin heyvan sahibinin üzərinə düşməsi demək deyil.

Heyvan sahibinin yol hərəkəti qaydalarının pozulmasına yol verməsi əlavə hüquqi məsuliyyətə də səbəb ola bilər. Xüsusilə iri və ya kənd təsərrüfatı heyvanlarının nəzarətsiz şəkildə avtomobil yollarına buraxılması digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün risk yaradır. Belə hallarda hadisənin şəraitindən və müəyyən edilən pozuntudan asılı olaraq, məsuliyyət məsələsinə hüquqi qiymət verilə bilər.

Hadisə baş verdikdə sürücü ilk növbədə təhlükəsizliyi təmin etməli, zərurət olduqda aidiyyəti qurumlara məlumat verməli və hadisənin rəsmiləşdirilməsinə çalışmalıdır. Avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün hadisə yerinin, avtomobilin zədələnmiş hissələrinin və heyvanın vəziyyətinin foto və video görüntülərini qeydə almaq, şahidlərin məlumatlarını əldə etmək vacibdir. Eyni zamanda, təmir xərclərini təsdiq edən sənədlərin saxlanılması sonradan zərərin tələb edilməsi zamanı əhəmiyyət daşıya bilər.

Əgər heyvan sahibinin təqsiri müəyyən edilərsə və tərəflər zərərin ödənilməsi barədə razılığa gələ bilməzlərsə, avtomobilə dəymiş zərərin məhkəmə qaydasında tələb edilməsi mümkündür. Məhkəmə hadisənin hallarını, tərəflərin təqsirini və təqdim olunan sübutları qiymətləndirərək müvafiq qərar qəbul edə bilər.

Beləliklə, yolda heyvanın vurulması zamanı təmir xərclərinin kimin tərəfindən ödənilməsi hər bir hadisənin konkret şərtləri əsasında müəyyən edilir. Sürücünün və heyvan sahibinin məsuliyyətinin dəqiq müəyyənləşdirilməsi üçün hadisənin düzgün rəsmiləşdirilməsi və zəruri sübutların toplanması mühüm əhəmiyyət daşıyır".

Müəllif: Nuray Paşşanlı