YapiKredi Müraciət Forması
Dünya

Yaponlar qabları niyə hələ də əllə yuyurlar?

Yaponlar qabları niyə hələ də əllə yuyurlar?

Yüksək texnologiyası ilə tanınan Yaponiyada qabyuyan maşınlardan istifadə bir çox Avropa ölkəsi və ABŞ ilə müqayisədə xeyli aşağıdır. Bunun səbəbləri arasında əl ilə qab yumaq vərdişi, kiçik mətbəxlər, qidalanma mədəniyyəti və hazır yeməklərin geniş yayılması göstərilir.

Demokrat.az xəbər verir ki, Türkiyənin "Onedio" nəşri Yaponiyada qabyuyan maşınların niyə geniş yayılmadığını araşdırıb.

Yaponiyada qabların əl ilə yuyulması gündəlik həyatın adi hissəsi hesab olunur. Cəmiyyətdə əl ilə təmizliyin daha diqqətlə həyata keçirildiyinə dair fikir də mövcuddur. Bundan başqa, bəzi istehlakçılar qabyuyan maşınların çox elektrik və su sərf etdiyini düşünürlər. Məişət texnikası istehsalçısı "Panasonic"in məlumatına görə, bu cihazlar hələ də bir çox insan tərəfindən lüks məhsul kimi qəbul edilir və onların qabları nə dərəcədə yaxşı yuduğuna dair şübhələr var.

Hazır yeməklər qabyuyan maşına ehtiyacı azaldır

Yaponiyada qida avtomatlarının geniş yayılması və hazır yemək sektorunun inkişafı insanların evdə yemək bişirməyə sərf etdiyi vaxtı azaldır. Mikrodalğalı sobada qızdırılan qablaşdırılmış yeməklərdən istifadə isə çirkli qab-qacağın miqdarını minimuma endirir.

Evdə hazırlanan yeməklər də çox vaxt az ərzaq və qab tələb edən sadə üsullarla bişirilir. Belə şəraitdə böyük həcmli qabyuyan maşına ehtiyac azalır.

Kiçik mətbəxlər də əsas səbəblərdəndir

Oxşar tendensiya Çin, Sinqapur, Honkonq və Tayvanda da müşahidə olunur. Xüsusilə şəhər mərkəzlərində mənzillərin mətbəxləri kiçik olduğundan iri, quraşdırılan qabyuyan maşınlar əvəzinə bir neçə qabı yumaq üçün nəzərdə tutulan kompakt modellərə üstünlük verilir.

Bundan başqa, evdən kənarda yemək yemək vərdişi də qabyuyan maşınlara tələbatı azaldan amillər sırasındadır.

Mənbədə göstərilən məlumatlara görə, Yaponiyada qabyuyan maşınların yayılma səviyyəsi 30 faizdən aşağıdır. Avropa ölkələri və ABŞ-də isə bu göstərici 70 faizdən yüksəkdir.

Beləliklə, Yaponiyada qabyuyan maşınların az yayılması təkcə texnologiyaya münasibətlə bağlı deyil. Yaşayış sahələrinin ölçüsü, gündəlik yemək vərdişləri və əl ilə qab yuma ənənəsi də bu seçimə təsir göstərir.

Jalə