YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Balıqda bu əlamətlər varsa, qətiyyən almayın! — Xəbərdarlıq

Balıqda bu əlamətlər varsa, qətiyyən almayın! — Xəbərdarlıq

Payız-qış mövsümündə balıq və dəniz məhsullarına maraq artır. Bu isə bazarda qiymətlərin dəyişməsi məsələsini gündəmə gətirir.

Bəs bu mövsümdə hansı balıq növlərinə daha çox tələbat var, qiymətlərdə artım gözlənilirmi və alıcılar təzə balığı köhnə məhsuldan necə fərqləndirə bilərlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında qida eksperti Elşən Cəfərov bildirib ki, balıq alarkən yalnız qiymətə deyil, məhsulun mənşəyinə, təzəliyinə, saxlanma şəraitinə və düzgün emal olunmasına da diqqət yetirilməlidir.

Onun sözlərinə görə, bu mövsümdə istehlakçılar arasında taxta balıq, çapaq, sudak, qalınalın, ağ amur və sazan kimi balıq növlərinə üstünlük verilir:

"Həmçinin şəmayi balığına, Naxçıvan mənşəli farelə və İrandan gətirilən göl farelinə də tələbat var. Ayrı-ayrı balıq növlərinə maraq istehlakçıların seçimindən, bölgədən, qiymətdən və bazara çıxarılan məhsulun həcmindən asılı olaraq dəyişə bilər. Balıq bazarında istehlakçıların seçimi müxtəlifdir. Bəzi alıcılar yerli balıq növlərinə, digərləri isə farel və digər balıqlara üstünlük verirlər. Burada əsas məsələ yalnız hansı balığın daha çox satılması deyil, həm də məhsulun keyfiyyəti, mənşəyi və düzgün saxlanılmasıdır.

Payız-qış mövsümündə balığa tələbatın artması bütün növlərin qiymətinin mütləq yüksələcəyi demək deyil. Qiymətlərə balığın növü, ovlanma və yetişdirilmə həcmi, idxal və daşınma xərcləri, saxlanma şəraiti, eləcə də bazarda tələb və təklif nisbəti təsir göstərir. Bazara çıxarılan balığın miqdarı azalarsa və həmin növə tələbat yüksək olarsa, qiymət artımı baş verə bilər. Əksinə, təklif kifayət qədər olduqda qiymətlər sabit qala bilər. Buna görə də bütün balıq növlərinin eyni vaxtda bahalaşacağını əvvəlcədən söyləmək düzgün deyil.

İstehlakçılar müxtəlif satış məntəqələrindəki qiymətləri müqayisə etməli, lakin seçim zamanı yalnız ucuzluğa əsaslanmamalıdırlar. Balığın təzəliyini qiymətləndirmək üçün bir neçə əlamət birlikdə nəzərə alınmalıdır. İlk növbədə, balığın qoxusuna diqqət yetirilməlidir. Təzə balıqda kəskin, turşumuş, çürüməni xatırladan və ya ammonyakabənzər qoxu olmamalıdır.

Bütöv balığın gözləri, adətən, şəffaf və parlaq olur. Əti möhkəm və elastik olmalı, yüngül təzyiqdən sonra əvvəlki formasına qayıtmalıdır. Qəlsəmələrin vəziyyəti də qiymətləndirilməlidir. Təzə balıqda onlar, adətən, qırmızı və ya çəhrayı rəngdə olur və xoşagəlməz qoxu vermir. Lakin yalnız bir əlamətə əsasən balığın təzəliyi barədə qəti qərar vermək olmaz. Balığın növü, saxlanma üsulu və əvvəlcədən dondurulub-dondurulmaması onun xarici görünüşünə təsir göstərə bilər.

İstehlakçı yalnız balığın gözlərinə və ya qəlsəmələrinin rənginə baxaraq məhsulun tam təhlükəsiz olduğuna əmin ola bilməz. Balıq düzgün temperaturda saxlanılmayıbsa, xarici görünüşü normal olsa belə, təhlükə yarada bilər. Şübhəli qoxu, qeyri-adi rəng dəyişikliyi və ya həddindən artıq yumşalmış ət müşahidə olunarsa, həmin məhsulu almaqdan çəkinmək lazımdır. Balıq tez xarab olan qida məhsullarındandır. Buna görə satış məntəqələrində soyuducu şəraitin təmin olunması və tələb olunan temperatur rejiminə əməl edilməsi xüsusi əhəmiyyət daşıyır.

Təzə balıq soyudulmuş vəziyyətdə və ya kifayət qədər buz üzərində saxlanılmalıdır. Dondurulmuş məhsullar isə ərimə və yenidən dondurulma riskindən qorunmalıdır. Qablaşdırılmış balıq alarkən istehlakçılar son istifadə tarixinə, qablaşdırmanın bütövlüyünə, saxlanma göstərişlərinə və istehsalçı haqqında məlumatlara diqqət yetirməlidirlər. Dondurulmuş balığı avtomatik olaraq keyfiyyətsiz məhsul hesab etmək düzgün deyil. Düzgün dondurulmuş və tələb olunan şəraitdə saxlanılmış balıq da təhlükəsiz seçim ola bilər. Əsas məsələ məhsulun daşınması və saxlanması zamanı temperatur rejiminin qorunmasıdır.

Bəzi balıq növlərində insan sağlamlığı üçün təhlükə yarada bilən parazitlərə rast gəlinə bilər. Buna görə balığın düzgün hazırlanması və müvafiq emaldan keçirilməsi vacibdir. Balığın təzə görünməsi onun parazitlərdən azad olması demək deyil. Bəzi parazitlər və onların sürfələri balığın toxumalarında yerləşə bilər və adi gözlə görünməyə bilər. Belə balıqların çiy və ya kifayət qədər bişirilmədən istehlak edilməsi insan sağlamlığı üçün risk yarada bilər. Balıq istehlakdan əvvəl təhlükəsiz temperatur rejimində tam bişirilməlidir. Çiy, az bişmiş və ya kifayət qədər emal olunmamış balıqdan istifadə parazitar xəstəliklərə yoluxma riski yarada bilər.

Balığın duzlanması, marinad edilməsi və ya sirkə əlavə olunması parazitlərin məhv olmasına hər zaman zəmanət vermir. Bu üsulların effektivliyi balığın növündən, duzun konsentrasiyasından, emal müddətindən və tətbiq olunan texnologiyadan asılıdır.

Əgər tətbiq edilən duzlama prosesi parazitləri məhv etmək üçün kifayət etmirsə, əvvəlcədən müvafiq dondurma rejimi tətbiq edilməlidir. İstehlakçılar ev şəraitində balığı sadəcə duza qoymağın bütün parazitləri məhv etdiyini düşünməməlidirlər.

Balığın düzgün temperaturda saxlanılması da mühüm şərtdir. Temperatur rejiminin pozulması bakteriyaların çoxalmasına və məhsulun daha tez xarab olmasına səbəb ola bilər. Buna görə balığın həm satış, həm daşınma, həm də ev şəraitində saxlanılması zamanı soyuq zəncir qorunmalıdır.

İstehlakçılara mənşəyi məlum olmayan, saxlanma şəraitinə şübhə yaradan və ya kifayət qədər emal edilməmiş balıq məhsullarını istehlak etməməyi tövsiyə edərdim.

Balıq seçərkən yalnız qiymətə deyil, məhsulun keyfiyyətinə, təzəliyinə və təhlükəsizliyinə də diqqət yetirmək lazımdır. Eyni zamanda, balığın düzgün bişirilməsi və duzlama kimi emal üsullarında təhlükəsizlik tələblərinə əməl olunması mühüm əhəmiyyət daşıyır".

Müəllif: Nuray Paşşanlı