İsraildə saç düzləşdirmə prosedurundan sonra bir qadın xəstəxanaya yerləşdirilib. Hadisədən sonra ölkənin Səhiyyə Nazirliyi təhlükəli kosmetik vasitə ilə bağlı xəbərdarlıq yayıb.
Demokrat.az xəbər verir ki, "Israel Hayom" qəzetinin məlumatına görə, qadın "Revival Miracle" adlı məhsulla saçını düzləşdirdikdən sonra səhhətində ciddi problem yaranıb. O, kəskin böyrək zədələnməsi şübhəsi ilə "Rambam" tibb mərkəzinə yerləşdirilib.
İsrail Səhiyyə Nazirliyinin araşdırması zamanı məhsulun rəsmi icazə olmadan satışa çıxarıldığı müəyyən edilib. Laboratoriya yoxlamalarında onun tərkibində qlioksilik turşu aşkarlanıb.
Nazirlik məhsulun istifadəsi və satışı ilə bağlı xəbərdarlıq edib, onun dövriyyədən çıxarılmasını tələb edib.
Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
Mütəxəssislər saç düzləşdirmə prosedurundan sonra aşağıdakı əlamətlər yarandıqda həkimə müraciət etməyi tövsiyə edirlər:
- Sidik ifrazının azalması;
- Üzdə və bədəndə şişkinlik;
- Ürəkbulanma və qusma;
- Qarın və ya kürək nahiyəsində kəskin ağrı;
- Güclü halsızlıq və yorğunluq.
Rəsmi qurumlar vətəndaşlara kosmetik vasitələrin tərkibini və istifadəsinə verilən icazəni yoxlamağı tövsiyə edirlər.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

Jalə


