Soyuq havaların başlaması ilə evlərdə pəncərələrin buğlanması və şüşələrdə su damcılarının yaranması geniş yayılmış problemlərdən birinə çevrilir. İnternetdə bu problemin həlli kimi metal qaşığı pəncərənin qarşısına qoymaq üsulu təklif edilsə də, mütəxəssislər bunun nəzərəçarpacaq nəticə vermədiyini bildirirlər.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri "Deccoria" portalına istinadən məlumat yayıb.
Metal qaşıq niyə problemi həll etmir?
Bu üsulun tərəfdarları metalın temperatur dəyişikliklərinə şüşədən daha tez reaksiya verdiyini və havadakı nəmin qaşığın səthində toplanmasını əsas gətirirlər. Həqiqətən də, soyuq metalın üzərində kondensasiya nəticəsində su damcıları yarana bilər. Lakin qaşığın səthində toplanan suyun miqdarı çox az olduğundan bu üsul otaqdakı rütubəti nəzərəçarpacaq dərəcədə azaltmır.
Buna görə də metal qaşıqdan istifadəni problemin həlli deyil, sadəcə maraqlı bir təcrübə kimi qiymətləndirmək olar.
Pəncərələrin buğlanmasının qarşısını necə almaq olar?
Məqalədə rütubətin azaldılması üçün bir neçə üsul tövsiyə olunur:
- Otağı müntəzəm havalandırmaq: Təmiz hava dövranı artıq nəmin xaric olunmasına kömək edir.
- Ventilyasiya sistemini yoxlamaq: Havalandırmanın düzgün işləməsi kondensasiyanın azalmasında mühüm rol oynayır.
- Mətbəx aspiratorundan istifadə etmək: Yemək bişirərkən yaranan buxarın otaqda toplanmasının qarşısını almağa kömək edir.
- Paltarları düzgün qurutmaq: Yaş paltarların qapalı otaqda qurudulması havadakı rütubəti artırır.
- Elektrik nəmalıcı cihazlardan istifadə etmək: Xüsusilə rütubətin yüksək olduğu otaqlarda bu cihazlar faydalı ola bilər.
Evdə hansı vasitələrdən istifadə etmək mümkündür?
Mənbədə rütubəti qismən udmaq üçün silikagel, duz, soda və aktivləşdirilmiş kömür kimi vasitələr də təklif olunur. Onları kiçik qablara yerləşdirərək pəncərənin yaxınlığında saxlamaq mümkündür. Bununla belə, bu vasitələrin təsiri məhduddur və yüksək rütubət problemini təkbaşına həll etməyə bilər.
Kalsium xlorid də nəmi udan maddələrdən biridir. Lakin onunla işləyərkən ehtiyatlı olmaq, maddənin dəriyə və gözlərə təmasını önləmək, uşaqların əli çatmayan yerdə saxlamaq vacibdir.
Qeyd edək ki, pəncərələrin davamlı buğlanması yalnız şüşə ilə bağlı problem deyil, otaqdakı yüksək rütubətin və zəif havalandırmanın əlaməti də ola bilər. Buna görə də ən effektiv yanaşma nəmin mənbəyini müəyyənləşdirmək, havalandırmanı yaxşılaşdırmaq və zərurət olduqda nəmalıcı cihazlardan istifadə etməkdir.
Jalə


