Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyi daha da möhkəmlənir. Bu reallıqlar bir daha təsdiqlədi ki, ədalətə və beynəlxalq hüquqa söykənən, qarşılıqlı etimad mühitinin qorunması əsasında formalaşan müstəqil siyasətin uğurları davamlı olur. Ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanması dövlətlərarası münasibətlərdə qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və əldə olunan razılaşmalara sadiqliyə xüsusi önəm verdiyini təsdiqləyir. Azərbaycan bu prinsiplərə sadiqliyini yalnız bəyanatlarında deyil, konkret siyasi addımlarında və əməli fəaliyyətində təsdiqləyir. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarının Azərbaycana səfəri özündə mühüm məqamları ehtiva edir. Son illərdə ikitərəfli münasibətlərdə müəyyən fikir ayrılıqlarının mövcudluğu fonunda bu səfər tərəflər arasında təmasların davam etdirilməsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və əməkdaşlıq imkanlarının yenidən nəzərdən keçirilməsinə verilən önəmi nümayiş etdirdi. Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarını qəbul etməsi Bakı ilə Yeni Dehli arasında siyasi əlaqələrin gələcək inkişafı baxımından mühüm addım kimi dəyərləndirilir. Keçirilən görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı. Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri, bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə edildi. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi qeyd edildi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Hindistanın xarici siyasət idarəsinin rəhbərinin Azərbaycana səfəri diplomatik münasibətlərin inkişafı ilə yanaşı, siyasi dialoqun yeni məzmunla zənginləşdirilməsi baxımından da imkan yaradır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin yalnız siyasi dialoqla məhdudlaşmadığı, iqtisadi və texnoloji tərəfdaşlıqla möhkəmləndiyi nəzərə alınarsa, belə görüşlərin əhəmiyyəti daha aydın görünür. Hindistanın xarici işlər nazirinin Azərbaycana Baş nazir Narendra Modinin tapşırığı ilə gəldiyini bildirməsi səfərin siyasi əhəmiyyətini ön plana çıxarır. Dövlət başçısı qəbul zamanı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin dəyişməz olan prinsiplərindən biri müxtəlif dövlətlərlə münasibətlərin milli maraqlar, suverenliyə hörmət və qarşılıqlı fayda prinsipləri əsasında qurulmasıdır. Hindistanla münasibətlərə də bu yanaşma tərəflərin ortaq maraqlarını müəyyənləşdirməsini, mövcud imkanlardan daha səmərəli istifadə etməyi və əməkdaşlığın praktik nəticələrini artırmağı şərtləndirir. Hindistanın Azərbaycanın ərazi bütövlüyünə, eləcə də sülh prosesinə verdiyi diplomatik dəstək münasibətlərdəki siyasi etimadı möhkəmləndirir. Qlobal Cənub təşəbbüsləri, iqlim dəyişikliyi, yaşıl enerji keçidi və rəqəmsallaşma sahəsində ortaq hədəflər Bakı və Yeni Dehli arasındakı strateji dialoqu gələcəkdə daha da dərinləşdirəcək potensiala malikdir.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan və Hindistan arasında əlaqələr, eyni zamanda, tarixi-mədəni əsaslara söykənir. Hər iki ölkə qədim sivilizasiya ənənələrinə, zəngin mədəni irsə və uzunmüddətli tarixi təmaslara malikdir. Əsrlər boyu ticarət yolları vasitəsilə formalaşmış əlaqələr xalqlar arasında mədəni mübadilənin inkişafına da təsir göstərib. Atəşgah Od Məbədi Azərbaycan və Hindistan xalqları arasındakı qədim tarixi-mədəni əlaqələrin və multikulturalizmin ən mühüm simvollarından biridir. Ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycan-Hindistan münasibətlərində enerji sektoru xüsusi yer tutur. Hindistanın "ONGC Videsh" şirkətinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın konkret nəticələrindən biridir. Bu layihələr Hindistan şirkətlərinin Azərbaycanın enerji sektoruna marağını və tərəflərin uzunmüddətli iqtisadi əlaqələr qurmaq imkanlarını nümayiş etdirir. Eyni zamanda, enerji sahəsində formalaşmış təcrübə gələcəkdə digər iqtisadi istiqamətlər üzrə də tərəfdaşlığın genişləndirilməsi üçün əsas ola bilər. Azərbaycan-Hindistan münasibətlərinin gələcək perspektivləri ənənəvi iqtisadi sahələrlə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, proqram təminatı, elektron xidmətlər və innovasiya sahələri əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Hindistanın informasiya texnologiyaları sahəsində topladığı təcrübə Azərbaycanın rəqəmsal transformasiya və iqtisadiyyatın modernləşdirilməsi məqsədləri ilə uzlaşan istiqamətlərdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Bu sahədə mütəxəssis hazırlığı, texnologiya transferi, innovativ həllərin tətbiqi və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Vüqar Rəhimzadə qeyd edib ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarının azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə, birgə keçirdikləri mətbuat konfransında bütün bu məqamlara xüsusi diqqət yönəldildi. Hindistanın xarici işlər naziri bildirdi ki, ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə etdik. İqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqi gündəliyimizdə əsas yer tutur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında vurğuladı ki, bu ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 600 milyon ABŞ dolları təşkil edib. Təəssüf ki, bu göstərici ölkələrimizin potensialını əks etdirmir. Əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Bu sahədə bir sıra müvafiq qurumlar arasında əməkdaşlıq həyata keçirilir. Hazırda Azərbaycanda Hindistanın 1000-dən çox şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. O da qeyd edildi ki, Hindistan şirkətləri, o cümlədən əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələr dünyanın aparıcı istehsalçıları sırasında yer alır. Ölkəmizdə də tibbi ləvazimatlar, dərman vasitələri və digər tibbi məhsullar arasında Hindistan istehsalçılarının məhsulları geniş yayılıb və mühüm mövqeyə malikdir. Enerji, əczaçılıq, kompüter texnologiyaları, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Millət vəkili bildirib ki, beynəlxalq gündəlikdə baş verən dəyişikliklər də Azərbaycan və Hindistan arasında çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Belə ki, Qlobal Cənub ölkələrinin inkişaf prioritetləri ətrafında aparılan müzakirələr tərəflərin ortaq maraqlarını müəyyənləşdirmək və beynəlxalq platformalarda fikir mübadiləsini genişləndirmək baxımından əhəmiyyət kəsb edir. Ümumilikdə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarının Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətli siyasi addımdır. Tərəflər qarşılıqlı hörmət və suverenlik prinsipləri yeni diplomatik və geoiqtisadi prioritetləri müəyyənləşdirdilər. Siyasi təmasların iqtisadi, texnoloji və humanitar sahələrdə konkret nəticələrlə möhkəmləndirilməsi Azərbaycan ilə Hindistan arasında münasibətlərin daha geniş məzmun qazanmasına və uzunmüddətli tərəfdaşlıq imkanlarının artmasına xidmət edəcək.


