Yevgeni Priqojinin ölümündən sonra Rusiya hakimiyyəti "Vaqner" Qrupu üzərində nəzarəti ələ keçirdi və Müdafiə Nazirliyinin tərkibində, regionda fəaliyyət göstərən muzdluları özünə birləşdirmək məqsədi ilə "Afrika Korpusu"nu yaratdı.
Amma "The Wall Street Journal" qəzetinin materialında iddia olunur ki, Yevgeni Priqojinin oğlu Pavel Mərkəzi Afrika Respublikasındakı "Vaqner" (Özəl Hərbi Şirkət) qruplaşması üzərində nəzarəti saxlaya bilib və hətta atasının biznesini daha da genişləndirib.
Nəşrin məlumatına görə, bu məsələdə ona Mərkəzi Afrika Respublikasının (MAR) prezidenti Fosten-Arkanj Tuadera kömək edib. O, Kremlə müraciət edərək "Vaqner" qrupu döyüşçülərinin Rusiya Müdafiə Nazirliyinin müntəzəm qoşunları ilə əvəz olunmamasını xahiş edib. Tuadera Priqojinin muzdlularını ölkənin polis, ordu və kəşfiyyat strukturlarına daxil edib.
"The Wall Street Journal"ın (WSJ) xəbərinə görə, hazırda ölkənin paytaxtı Bangidə "Vaqner"in təxminən 500 nəfərlik böyük bir silahlı kontingenti yerləşib. Onlar prezidentin təhlükəsizliyini təmin edir, üsyançılara qarşı vuruşur, həmçinin qızıl hasilatı, narkotik və silah qaçaqmalçılığı vasitəsilə gəlir əldə edirlər.
Priqojin Mərkəzi Afrika Respublikasında (MAR) illik 250 milyon dollar gəlir gətirən ən böyük qızıl mədəninə nəzarət edir. Yerli hakimiyyət orqanları çıxarılan qiymətli metala dövlət mülkiyyəti statusu verməklə, qızılın xaricə daşınmasına kömək edirlər.
WSJ-nin məlumatına görə, son üç ay ərzində daşımalar Belarus vasitəsilə həyata keçirilib.
Bundan əlavə, Priqojin yerli tramadol bazarının əhəmiyyətli bir hissəsinə nəzarət edir, həmçinin Sudan və Liviyadakı üsyançı qruplaşmalara silah satır. "Vaqner" MAR-da həmçinin araq və pivə də istehsal edir.
"Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs" (Global Initiative Against Transnational Organized Crime) təşkilatının hesablamalarına əsasən, Priqojin ailəsi ümumilikdə ildə 400 milyon dollardan çox gəlir əldə edir.
WSJ-nin müraciət etdiyi ekspertlərin fikrincə, Kreml ilə əldə edilən razılaşma gənc Priqojinə Mərkəzi Afrika Respublikasında (MAR) mövqeyini möhkəmləndirməyə kömək etmiş ola bilər. Nəşr qeyd edir ki, qrup həmçinin MAR-da radio stansiyalarına da nəzarət edir. Bu stansiyalar Qərb əleyhinə təbliğat aparır, prezident Tuaderanı və Rusiyanı hədsiz dərəcədə tərifləyir, tərənnüm edirlər .
Nəşrin yazdığına görə, Pavel Sankt-Peterburqda yaşasa da, mütəmadi olaraq Banqiyə səfərlər edir. O, bu səfərlər zamanı faktiki olaraq "Vaqner" qrupunun MAR-dakı qərargahına çevrilmiş "Ledger Plaza" otelində qalır. Otelin ərazisi silahlı şəxslər tərəfindən qorunur və hətta yüksək vəzifəli hökumət rəsmiləri belə, Priqojinlə görüşməzdən əvvəl mütləq təhlükəsizlik yoxlanışından keçməlidirlər.
2023-cü ilin avqustunda Yevgeni Priqojin öləndə Pavelin 25 yaşı var idi. Ona atasının 12 milyard rubl məbləğindəki hesabları miras qalıb.
Priqojinin vəfatından sonra onun ikinci həyat yoldaşı, iki qızı və anası sağ qalıb. Vəsiyyətə əsasən, Pavel onların "layiqli həyat" sürmələrini təmin etməli idi. "Port" nəşri bir mənbəyə istinadən xəbər verir ki, Pavel mirası bölüşmək istəmədiyi üçün ailə daxilində münaqişə yaranıb.
Alparslan


