Mətbəx mebellərinin və qaz plitəsinin tutacaqlarında zamanla toplanan yağ qatını təmizləmək üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur. Evdə olan tibbi spirt və ya qab yuma mayesi bu işdə kömək edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.
Mütəxəssislərin tövsiyəsinə görə, yağ ləkələrini mümkün qədər tez təmizləmək lazımdır. Təzə çirklənmələr daha asan çıxır, köhnə və bərkimiş yağ qatını aradan qaldırmaq isə daha çox vaxt və səy tələb edir.
Tutacaqları təmizləmək üçün mikrofiber parçadan istifadə etmək məsləhətdir. Bu material səthi cızmır və iz buraxmır. Yağlı təbəqəni aradan qaldırmaq üçün tibbi spirti pambıq diskə töküb tutacaqları silmək olar. Çətin əlçatan yerləri və birləşmə hissələrini isə köhnə diş fırçası ilə təmizləmək mümkündür. Prosesdən sonra mətbəxin havasını dəyişmək tövsiyə olunur.
Əgər yağ qatı köhnədirsə və spirtlə təmizlənmirsə, qab yuma vasitəsindən istifadə etmək olar. Bunun üçün vasitə nəm parçaya çəkilir, tutacaqlar silinir və təxminən 10 dəqiqə gözlənilir. Daha sonra səthdə qalan sabunlu izlər nəm süngərlə təmizlənir.
Bununla belə, spirt və qab yuma vasitəsi bütün materiallar üçün uyğun olmaya bilər. Buna görə təmizləməyə başlamazdan əvvəl seçilən vasitəni səthin gözə dəyməyən kiçik hissəsində yoxlamaq məsləhətdir.
Məqalədə həmçinin bildirilir ki, tutacaqları soda ilə təmizləmək arzuolunmazdır. Onun aşındırıcı xüsusiyyətləri bəzi səthlərdə cızıqlara və zədələnmələrə səbəb ola bilər.
Jalə


