Çay süfrəsi üçün dadlı və görünüşü ilə seçilən mərmər keks hazırlamaq cəmi 10 dəqiqə vaxt aparır. Reseptin əsas üstünlüyü ondan ibarətdir ki, ərzaqların böyük hissəsi eyni qabda qarışdırılır, daha sonra xəmir sobaya qoyulur.
Demokrat.az xəbər verir ki, resept Macarıstanın "tutirecept.hu" kulinariya saytında dərc olunub. Keksin hazırlanması üçün 250 qram kərə yağı, 250 qram şəkər, bir paket vanilli şəkər, 30 millilitr rom aromatizatoru, 6 xörək qaşığı süd, bir çimdik duz, 5 yumurta, 375 qram un, bir paket qabartma tozu və 2 xörək qaşığı şəkərsiz kakao tozu lazımdır. Bişirmə formasını yağlamaq üçün də əlavə kərə yağı və un istifadə olunur.
Əvvəlcə yumşaldılmış kərə yağı, şəkər, vanilli şəkər, rom aromatizatoru, südün bir hissəsi, duz və yumurtalar mikserlə yaxşıca qarışdırılır. Daha sonra qabartma tozu ilə qarışdırılmış un əlavə edilir və hamar xəmir alınana qədər çalınır.
Keks forması kərə yağı ilə yağlanıb nazik un qatı ilə örtülür. Hazırlanan xəmirin yarısı formaya tökülərək bərabər yayılır. Qalan xəmirə kakao tozu və əlavə 3 xörək qaşığı süd qatılır, qarışdırıldıqdan sonra şokoladlı xəmir açıq rəngli qatın üzərinə əlavə edilir. Çəngəl və ya taxta çöp vasitəsilə xəmirdə bir neçə spiral hərəkəti etməklə mərmər naxışı yaratmaq mümkündür.
Keks əvvəlcədən 170 dərəcəyədək qızdırılmış sobada təxminən 50–65 dəqiqə bişirilir. Hazır olub-olmadığını yoxlamaq üçün taxta çöpü xəmirə batırmaq olar: çöp təmiz çıxarsa, keks bişib. Sobadan çıxarılan keks təxminən 10 dəqiqə formada saxlanılır, sonra ehtiyatla çıxarılaraq tam soyudulur.
Beləliklə, hazırlığı cəmi 10 dəqiqə çəkən bu keks həm gündəlik çay süfrəsi, həm də qonaqlar üçün sadə və əlçatan seçimdir.
Jalə


