Bakının Səbail rayonunda 30 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza qarşı küçədə əxlaqsız hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verib. Siyəzən rayon sakini, 1996-cı il təvəllüdlü Vüsal yetkinlik yaşına çatmayan Aygünə (adlar şərtidir – red.) qarşı əxlaqsız hərəkətlər edib.
İstintaq sənədlərinə görə, Vüsal icarə əsasında idarə etdiyi və taksi kimi fəaliyyət göstərdiyi avtomobildə sürücü oturacağında əyləşərək hərəkətdə olarkən yol kənarında Aygünün getdiyini görüb.
O, avtomobilin sol ön qapısının şüşəsini tam endirdikdən sonra intim nahiyələrini qıza göstərib və ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.
Vüsal barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində dəri-zöhrəvi xəstəliyi ilə əlaqədar iki ilə yaxındır müalicə aldığını və tez-tez dərman vasitəsindən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, hadisə günü avtomobilində dərman vasitəsindən istifadə etmək məqsədilə maşını yolda saxlayıb. O bildirib ki, bu zaman əvvəllər tanımadığı bir qızın avtomobilinə yaxınlaşdığını görüb və ona "nəyə baxırsan" dedikdən sonra qız dərhal ərazidən uzaqlaşıb.
Daha sonra təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan sonuncu ifadəsi elan edilib. O, həmin ifadəsində özünü təqsirli bildiyini və qıza qarşı törətdiyi əxlaqsız hərəkətləri ətraflı şəkildə təsvir edib.
Təqsirləndirilən şəxs sonda zərərçəkmiş şəxsin onu səhv anladığını, buna görə onun ailəsindən üzr istədiyini, dəymiş ziyanı ödədiyini və əməlindən peşman olduğunu bildirib. O, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, o, Nəsimi rayonunda yerləşən məktəbin 8-ci sinfində təhsil alır. O bildirib ki, həmin məktəbdə 2019-cu ilin sentyabr ayından etibarən təhsil almağa başlayıb.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 12 radələrində oxuduğu məktəbdən avtobusla gəlib və Bibiheybət məscidinin qarşısında avtobusdan enib:
"Piyada Bibiheybət qəsəbəsinin mərkəzi küçəsi ilə aşağı enərək yaşadığım evə getdim. Bu zaman sonradan adının Vüsal olduğunu bildiyim şəxs idarə etdiyi avtomobillə yanıma yaxınlaşdı. Yanıma çatdıqda avtomobilin sürətini bir az da azaldaraq ön sağ qapının yan şüşəsini tam aşağı endirib məni öz yanına çağırdı. Mən də çevrilərək həmin şəxsə baxan zaman o, intim yerlərini mənə göstərdi və "əmiyə kömək elə, bunu bax" sözlərini dedi. Bu zaman qorxduğum üçün bir anlıq duruxdum və dərhal avtomobildən uzaqlaşaraq qaçdım. Sonradan evə çatdım və bu barədə anama məlumat verdim".
Zərərçəkmiş şəxs sonda bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışıb və ona dəymiş ziyan ödənilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Vüsal 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, Səbail Rayon Məhkəməsinin hökmünün cəza hissəsinin dəyişdirilməsini, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsini və sınaq müddəti təyin olunmaqla onun dərhal məhkəmə zalından azad edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Fariz Məlikli


