Türkiyəli müğənni Can Bonomo atasının vəfatı ilə bağlı paylaşımına istehzalı şərhlər yazan sosial şəbəkə istifadəçilərinin tənqidinə məruz qalıb. Sənətçiyə dəstək verən həmkarı Murat Dalkılıç isə başsağlığı mesajına hörmətsizlik edənlərə sərt cavab verib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.
"Eurovision-2012" mahnı müsabiqəsində Türkiyəni təmsil etmiş Can Bonomo oktyabrın 17-də bir müddət müalicə alan atası Yaşar Bonomonun vəfat etdiyini açıqlayıb. Müğənni vida paylaşımında atası ilə bağlı duyğularını ifadə edərək, "Sənin oğlun olmaq, səninlə birlikdə böyümək mənim üçün şərəf idi. Dövrün daim olsun... Gözün arxada qalmasın. Top məndədir", – deyə yazıb.
Lakin bəzi istifadəçilər onun "Dövrün daim olsun" ifadəsinə istehza ilə yanaşıblar. Bonomo həmin şərhləri sosial şəbəkə hesabında paylaşaraq, bu münasibətə səssiz qalmayacağını bildirib.
Daha sonra müğənni ifadənin təsəvvüf düşüncəsində, eləcə də ələvi-bəktaşi ənənəsində xüsusi məna daşıdığını izah edib. Onun sözlərinə görə, bu ifadə varlığın dövranı və canın davamlılığı anlayışları ilə əlaqəlidir. Bonomo mədəni anlayışları bilməməyin təbii olduğunu, lakin mənasını bilmədiyi ifadəni məsxərəyə qoymağın fərqli məsələ olduğunu vurğulayıb.
Murat Dalkılıç da həmkarına dəstək olaraq paylaşım edib. O, "Dövrün daim olsun" ifadəsinin Anadolu ərazisində yüz illərdir işlədilən başsağlığı sözlərindən biri olduğunu bildirib və insanların bilmədikləri mövzular barədə mühakimə yürütməsini tənqid edib.
Dalkılıç paylaşımında insanların dilinə, dininə və irqinə görə fərqləndirilməsinin onların adət-ənənəsinə uyğun olmadığını vurğulayaraq, "İnsanı vecinə almamaq bizdə yoxdur. Onun acısını vecinə almamaq bizim adətimiz deyil, başa düşdünmü?" sözləri ilə fikrini tamamlayıb.


Jalə


