YapiKredi Müraciət Forması
Texnologiya Özəl

Texnologiyaya emosional bağlılıq böyük risk yaradır — Psixoloq

Texnologiyaya emosional bağlılıq böyük risk yaradır — Psixoloq

Süni intellekt insanların gündəlik həyatı ilə yanaşı, emosional dünyasına da daxil olub. Cəmiyyətdə bir çox şəxs müxtəlif problemlərin həllini tapmaq üçün rəqəmsal vasitələrə üz tutur.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a bildirib ki, süni intellekt insanın suallarına cavab verə, məlumat təqdim edə və düşüncələrini sistemləşdirməyə kömək edə bilər:

"Ancaq ona insan kimi güvənmək olmaz. Çünki süni intellektin təqdim etdiyi hər informasiya elmi cəhətdən əsaslandırılmır və hər məsləhət insanın psixoloji vəziyyətinə uyğun gəlmir. İnformasiyanın istinadı elm olmayanda, o, insana istiqamət vermək əvəzinə zərər vura bilər. Xüsusilə insan emosional cəhətdən həssas olduğu dövrdə aldığı məlumatı sorğulamadan qəbul edərsə, özünü və reallığı yanlış qiymətləndirməyə başlayar".

Psixoloq qeyd edib ki, digər tərəfdən, insan dərdlərini daim süni intellektlə bölüşməyə alışdıqda, real münasibətlərin tələb etdiyi qarşılıqlı anlaşmadan, məsuliyyətdən və emosional yaxınlıqdan uzaqlaşa bilər:

"Çünki real insanla ünsiyyət qarşı tərəfi dinləməyi, fərqli fikirləri qəbul etməyi və münasibətlərdə yaranan çətinlikləri idarə etməyi tələb edir. Süni intellektlə ünsiyyətin daha rahat olması insanı real münasibətlərdən qaçmağa sövq etdikdə, rəqəmsal kimlik real kimliyi sıxışdırmağa başlayır. İnsan özünü ifadə etdiyini düşünür, amma əslində real ünsiyyət bacarıqlarını zəiflədə bilər. Süni intellekt insan münasibətlərini əvəz edən vasitəyə deyil, insanın düşüncəsini dəstəkləyən vasitəyə çevrilməlidir".

Dəniz

Editor
Redaktor