Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən məsciddə əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən iki Banqladeş vətəndaşı edam edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, edam hökmü oktyabrın 14-də icra olunub. Təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra hadisə ilə bağlı araşdırma aparılıb və iş məhkəməyə göndərilib.
Rəsmi açıqlamada hökmün Məkkədə, müsəlmanlar üçün müqəddəs sayılan şəhərdə məscidin toxunulmazlığının pozulması və əməlin ağır xarakter daşıması ilə əsaslandırıldığı bildirilib. Hökm yuxarı instansiya məhkəməsi tərəfindən təsdiqləndikdən və kral fərmanı imzalandıqdan sonra icra edilib.
Bununla belə, Səudiyyə Ərəbistanının rəsmi qurumları həmin şəxslərin konkret olaraq hansı hərəkətləri etdiklərini açıqlamayıb. Hadisənin baş verdiyi məscidin adı və əməlin törədildiyi tarix də məlum deyil.
Yerli KİV-lərin məlumatına əsasən, edam edilən şəxslər Nazrul İslam Əbdül Bəsir və Siti Axtərdir.
Banqladeş rəsmiləri isə vətəndaşlarının ölüm hökmünə məhkum edilməsi və hökmün icrası barədə əvvəlcədən məlumatlandırılmadıqlarını bildiriblər.
Banqladeş Xarici İşlər Nazirliyinin sözçüsü Şama Obayd hadisənin təfərrüatlarını öyrənmək üçün Səudiyyə tərəfinə rəsmi sorğu göndərildiyini açıqlayıb.
Banqladeşin Ciddədəki konsulluğu da vətəndaşlarının edam olunacağı barədə hökm icra edilməzdən əvvəl məlumat almadığını bəyan edib.



