Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində, Atçılıq massivində baş verib.
1992-ci il təvəllüdlü Vüqar həmin ərazidə yerləşən nömrəsiz fərdi evdə arvadı Zülfiyyə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisə zamanı o, qəsdən arvadının boğazından tutaraq onu yerə yıxıb və nəticədə qadın baş-beyin silkələnməsi ilə müşayiət olunan xəsarətlər alıb.
Faktla bağlı Vüqara Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Xəzər Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin arvadı ilə barışdığı məlum olub. Zərərçəkmiş də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


