Sürücülərin yanacaqdoldurma məntəqələrindən (YDM) aldıqları yanacağın sayğacda göstəriləndən az olması iddiaları ilə vaxtaşırı qarşılaşmaq mümkündür. Lakin bu iddialar iddia olaraq da qalır. Çünki sürücülər ya bunu sübut edə bilmirlər, ya da etməyi lazımsız bilirlər.
Bəs, YDM-lərdə avtomobillərə yanacağın sayğacda göstəriləndən az vurulması mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bütün yanacaq doldurma məntəqələri böyük həcmdə yanacağı idxal edir, yəni alır.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələri yanacağı müəyyən neft bazalarından alaraq satışa çıxarırlar:
"Və həmin yanacaq digər şəxslərə bərabər şəkildə, yəni sayğaclı şəkildə satılır. Burada sayğacların keyfiyyəti, onun yanacağın qatqıları, yanacağın tərkibi bu və digər məsələlər müzakirə mövzusu ola bilir. Bunun üçün də bəzən olur ki, adi satılan mağazalarda satılan qablarla həmin yanacağın həcmində fərq olur. Bunu ona görə sübut edə bilmirlər ki, su ilə qabın həcmində yanacaqda fərq olmalıdır. Yəni benzin, dizel tərkibli yanacaq materiallarının sıxlığı su ilə eyni həcmdə deyil. Suda necəsə fərqli ola bilər, yəni dizel, benzin əsas maye tipli yanacaqlardan söhbət gedir. Burada fərq ondan ibarətdir.
Bəs biz bunu necə aradan qaldıra bilərik ? Bunun üçün müvafiq dəqiq ölçmə cihazları var və Standartlaşma Patenti üzrə Dövlət Komitəsi bununla bağlı müəyyən dərəcədə nəzarət edir. O cümlədən müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi də bu tipli proseslərə nəzarət edirlər. Məsələnin mahiyyəti yanacağın keyfiyyəti və onunla avtomobilin neçə kilometr məsafə qət edə bilməsi ilə bağlıdır. Bunun üzərində modifikasiya olunmalıdır, yəni və bu yanacaq tiplərinə görə də həmin prosesləri ölçmə, biçmə və digər prosesləri yerinə yetirmək mümkündür. Yəni müqayisə etmək daha doğrusu mümkündür".


