Türkiyənin məşhur aktyorları Çağatay Ulusoy və Kıvanç Tatlıtuğun illər əvvəl çəkilmiş fotoları ilə yeni görüntüləri müqayisə edilib. İki aktyorun səkkiz il ərzində xarici görünüşündə baş verən dəyişikliklər sosial şəbəkələrdə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, aktyor Itır Esen və menecer Engin Aykanatın toyunda bir araya gələn Ulusoy və Tatlıtuğun birlikdə çəkdirdiyi foto onların illər əvvəlki görüntülərini yenidən gündəmə gətirib. Müqayisə zamanı hər iki aktyorun saç düzümündə, saqqal və bığ seçimində, eləcə də geyim tərzindəki fərqlər nəzərə çarpıb.
Səkkiz il əvvəl daha qısa və səliqəli saç düzümü ilə görünən Kıvanç Tatlıtuğ bu dəfə daha həcmli saçları, saqqalı və rahat geyim tərzi ilə diqqət çəkib. Çağatay Ulusoy isə əvvəlki fotoda papaq və saqqalla göründüyü halda, yeni görüntüdə arxaya daradığı saçları, bığı və klassik kostyumu ilə fərqli obraz yaradıb.
Uzun illər Türkiyə televiziyasının sevilən simaları arasında yer alan aktyorların dostluqları da zaman-zaman müzakirə mövzusu olub. Bir müddət onların münasibətlərinin soyuduğu iddia edilsə də, Kıvanç Tatlıtuğ dostluğun sosial şəbəkədə bir-birini izləməklə ölçülmədiyini bildirib.
İki aktyorun yeni və köhnə fotolarının müqayisəsi isə izləyicilər arasında maraqlı sual yaradıb: səkkiz il ərzində daha çox kim dəyişib - Kıvanç Tatlıtuğ, yoxsa Çağatay Ulusoy?

Jalə


