Bakının Səbail rayonunda 24 yaşlı oğlan ehtiyatsızlıqdan azyaşlıya xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzinin sol tərəfində baş verib.
2002-ci il təvəllüdlü Adil həmin ərazidə mexaniki nəqliyyat vasitəsi hesab edilməyən elektrikli skuterlə hərəkət edərkən qarşısında hərəkətsiz vəziyyətdə skuterin üzərində dayanmış Ləmanın (adlar şərtidir – red.) azyaşlı övladına qarşı cinayətkarcasına etinasızlıq edib. O, idarə etdiyi elektrikli skuterin sükanını və əl əyləcini uşağın üz nahiyəsinə vurub. Nəticədə uşaq yerə yıxılıb və gözaltı nahiyəsindən, eləcə də sol göz qapaqlarından xəsarət alaraq sağlamlığına ağır zərər dəyib.
Adilə qarşı Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, sahildə skuter sürərkən uşaq qarşısına çıxıb, yerə yıxılıb və o, uşağı qaldıra bilməyib. Onun sözlərinə görə, həmin vaxt uşaq "əmiyə günah yoxdur" deyib, başqa bir şəxs isə uşağı yerdən qaldırmağa kömək edib.
Adil ifadəsində deyib:
"Uşağın üzündə qan olduğunu gördüm. Uşağın dalınca getdim, lakin ayağımda mil olduğu üçün qaça bilmədim. Bir müddət sonra ailəsi 4 000 manat istədi. Lakin yeni işə başladığımdan, evdə yeganə gəlir gətirən şəxs olduğumdan və xəstə anama baxdığımdan maddi imkanım həmin məbləği ödəməyə çatmadı. Zərərçəkmiş şəxsin ailəsi də bununla razılaşmadı".
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, skuter uşaqdan böyük olduğundan onun yıxılıb başının yerə dəyməsi mümkün idi. Lakin skuterin uşağın göz nahiyəsinə necə dəydiyini anlamadığını deyib.
İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Ləmanın sözlərinə görə, uşaq onun gəlib-gəlmədiyinə baxırmış. O bildirib ki, parka daxil olduqdan sonra uşaq skuter sürüb, daha sonra isə yemək yeyiblər.
Ləman ifadəsində deyib:
"Evə getmək istəyəndə övladım yenidən 5 dəqiqə skuter sürmək istədi. Skuterin ödənişini edəndə artıq qışqırıq səsini eşitdim. Uşağım məndən çox da uzaqlaşmamışdı, bir qədər qabaqda idi. Övladım qorxaq olduğundan yanımdan çox uzaqlaşa bilməyib. Həmin vaxt övladım xəsarət alıb".
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi bildirib ki, övladının əməliyyatı üçün 3 700 manat, dərmanlara isə 300 manat xərcləyib. O, təqsirləndirilən şəxsdən həmin məbləği tələb etsə də, pul ödənilməyib. Onun sözlərinə görə, xəstəxanaya təqsirləndirilən şəxsin anası və bacısı gəliblər, lakin bundan sonra uşağın vəziyyəti ilə maraqlanmaq üçün bir dəfə də zəng etməyiblər.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib. Zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı heç bir tələbi olmayıb və gələcəkdə də olmayacağı bildirilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib, o, cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


