Doğum gününüzün hansı kitabla daha çox səsləşdiyini müəyyənləşdirmək mümkündürmü? Numerologiyaya əsaslanan yanaşmaya görə, doğulduğunuz ayın günü xarakterinizə və maraqlarınıza uyğun memuar seçmək üçün bir ipucu ola bilər. Təklif olunan siyahıda həyat mübarizəsindən bəhs edən əsərlərdən tutmuş ailə münasibətlərini və şəxsi inkişafı əks etdirən kitablara qədər müxtəlif nümunələr yer alır.
Demokrat.az xəbər verir ki, bu barədə UNIAN nəşri "Parade" jurnalına istinadən yazıb.
Memuarlar müəllifin həyatının müəyyən dövrünə və ya əhəmiyyətli hadisələrə şəxsi baxışını əks etdirir. Onlar avtobioqrafiyalardan fərqli olaraq, insanın bütün həyatını deyil, əsasən konkret təcrübələrini və həmin təcrübələrin onda yaratdığı düşüncələri ön plana çıxarır.
Nəşrin hazırladığı siyahıda doğum günlərinə uyğun doqquz kitab tövsiyə olunur:
- Ayın 1, 10, 19 və 28-də doğulanlar: Xavyer Samoranın "Solito: Memuarlar" (Solito: A Memoir) kitabı. Əsər müəllifin valideynləri ilə birləşmək üçün El Salvadordan ABŞ-yə uzanan çətin yolundan bəhs edir.
- Ayın 2, 11, 20 və 29-da doğulanlar: Dolli Aldertonun "Sevgi haqqında bildiyim hər şey" (Everything I Know About Love) əsəri. Kitabda dostluq, ailə, romantik münasibətlər və şəxsi inkişaf mövzuları işıqlandırılır.
- Ayın 3, 12, 21 və 30-da doğulanlar: Xloya Daltonun "Dovşan böyütmək" (Raising Hare) kitabı. Müəllif pandemiya dövründə tərk edilmiş dovşan balasına qulluq təcrübəsini və təbiətlə münasibətini təsvir edir.
- Ayın 4, 13, 22 və 31-də doğulanlar: Stefani Lendin "Xidmətçi: Ağır əmək, aşağı maaş və ananın yaşamaq mübarizəsi" (Maid: Hard Work, Low Pay, and a Mother"s Will to Survive) əsəri. Kitab yoxsulluqla mübarizə aparan və yazıçı olmaq arzusunu reallaşdırmağa çalışan qadının həyat hekayəsindən bəhs edir.
- Ayın 5, 14 və 23-də doğulanlar: Devid Sedarisin "Bir gün gözəl danışmağa başladım" (Me Talk Pretty One Day) kitabı. Şəxsi esselərdən ibarət əsərdə müəllifin yumoru, özünütənqidi və Fransaya köçdükdən sonra yaşadıqları ön plana çıxır.
- Ayın 6, 15 və 24-də doğulanlar: Mişel Zaunerin "H Mart-da ağlayıram" (Crying in H Mart) memuarı. Müəllif xəstə anası ilə münasibətlərindən, ailə bağlarından və itki ağrısından bəhs edir.
- Ayın 7, 16 və 25-də doğulanlar: Mitç Albomun "Morri ilə çərşənbə axşamları" (Tuesdays with Morrie) kitabı. Əsərdə müəllifin ölüm ayağında olan professoru ilə görüşləri və ondan öyrəndiyi həyat dərsləri təsvir olunur.
- Ayın 8, 17 və 26-da doğulanlar: Belle Berdənin "Yadlar: Evlilik haqqında memuar" (Strangers: A Memoir of Marriage) kitabı. Müəllif evliliyin və boşanmanın pərdəarxası tərəflərini, münasibətlərin emosional və maliyyə aspektlərini araşdırır.
- Ayın 9, 18 və 27-də doğulanlar: Maya Ancelunun "Qəfəsdəki quşun niyə oxuduğunu bilirəm" (I Know Why the Caged Bird Sings) əsəri. Kitab müəllifin uşaqlıq təcrübələrini, çətinliklərini və şəxsiyyətinin formalaşmasını əks etdirir.
Qeyd edək ki, doğum tarixi ilə kitab seçimi arasındakı əlaqə numerologiyaya əsaslanan yanaşmadır və elmi sübutlarla təsdiqlənməyib. Buna görə siyahını dəqiq xarakter analizi deyil, yeni kitablar kəşf etmək üçün əyləncəli tövsiyə kimi qəbul etmək daha doğru olar.
Jalə


